İDMAN
Veteran futbolçu: Avrokuboklara hansı komandaların vəsiqə qazanacağını proqnozlaşdırmaq çətindir
Bakı, 17 may, AZƏRTAC
“Dörd komandaya da xal hava-su kimi lazımdır”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Elxan Abdullayev Premyer Liqada avrokuboklar uğrunda mübarizə aparan komandaların şanslarını dəyərləndirərkən deyib.
Mütəxəssis indidən hansı komandanın avrokuboklara vəsiqə qazanacağı barədə proqnoz verməyin çətin olduğunu bildirib: “Neftçi”, “Sabah, “Sumqayıt” və “Zirə”nin avrokuboklara yollanmaq şansları var. Onların qarşıdakı matçlarını analiz etmək olar, lakin əvvəlcədən görüşlərin hansı nəticə ilə bitməsini demək çətindir. Bəzən analiz də sonda doğru çıxmır. Bəlkə “Neftçi” “Səbail”lə, “Zirə” isə “Kəpəz”lə oyunda xal itirdi. Bu, futboldur və hər şey ola bilər”.
Veteran futbolçunun sözlərinə görə, hər şey son turda öz təsdiqini tapacaq: “Neftçi” XXXVI turda “Sabah”la qarşılaşacaq. Bu matçda itiriləcək xallar hansısa komandanı avrokuboklardan kənarda qoyacaq. “Sumqayıt” isə son görüşdə “Qəbələ” ilə üz-üzə gələcək. Kaxaber Sxadadzenin komandası “Sabah”la oyundakı ssenarini həmin matçda da təkrarlaya bilər. Məndən soruşsanız ki, hansı komandaları daha şanslı görürsünüz, bu suala cavab verə bilmərəm”.
Qeyd edək ki, mövsümün başa çatmasına 2 tur qalmış “Sumqayıt” 54 xalla 2-ci, “Neftçi” 53 xalla 3-cü, 52 xala malik “Zirə” və “Sabah” isə 4-5-ci pillələri bölüşürlər.