QAN YADDAŞI
Misirin “Alwaqe3news” internet qəzetində Xocalı soyqırımı haqqında məqalə yerləşdirilmişdir
Qahirə, 1 mart (AZƏRTAC). Misirin “Alwaqe3news” internet qəzetində baş redaktor Məhəmməd Sələmənin “Xocalı soyqırımının 22-ci ildönümü” adlı məqaləsi yerləşdirilmişdir.
M.Sələmə Azərbaycanda əhalinin Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anma mərasimində iştirak etmək üçün fevralın 26-da faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşdığını yazır, bu qətliamın əsrlər boyu Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı siyasətinin ən qanlı səhifəsi olduğunu qeyd edir.
Müəllif erməni silahlı qüvvələrinin 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımı nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 dinc sakinin qətlə yetirildiyini, 1000 nəfərin yaralandığını, 1275 insanın əsir götürüldüyünü, 155 nəfərin isə itkin düşdüyünü oxucuların diqqətinə çatdırmışdır.
Müəllif Xocalı qətliamı zamanı törədilmiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilməsinin beynəlxalq, həmçinin dövlətdaxili hüquqa əsasən məhz soyqırımı olduğunu qeyd etmiş, həmin vandalizm aktının insanlığa qarşı törədilmiş qatı cinayət kimi öz layiqli qiymətini almasının vacibliyini vurğulamışdır.
Məqalənin tam mətnini http://alwaqe3news.com/news/archives/12396 linkindən oxumaq olar.
Asya Hacizadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə