MƏDƏNİYYƏT
“Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinal konserti keçirilib
Vyana, 22 may AZƏRTAC
Mayın 21-də “Vienner Şdathal” Arenanın səhnəsində “Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinal konserti keçirilib.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, “Eurovision-2015” şousunun aparıcıları Mirjam Veişselbraun, Alise Tumler və Arabella Kiesbauers bu mötəbər layihənin tamaşaçılarını salamlayıb, iştirakçılara uğurlar arzulayıblar.
Sonra müsabiqənin təşkilatçıları tamaşaçılara möhtəşəm şou nümayiş etdiriblər.
On yeddi ölkənin iştirakı ilə keçirilən yarımfinalda səhnəyə müvafiq ardıcıllıqla Litvadan Monika Linyte və Vaidas Baumila cütlüyü, İrlandiya təmsilçisi Molly Sterlinq, San Marinodan istedadlı müğənni Anita Simonçini və Mişel Perniola cütlüyü, Monteneqrodan Nenad Knezeviç, Maltadan Amber, Norveçdən Morland və Debra Skarlet dueti, portuqaliyalı Leonor Andrade, Çexiyadan Marta Yandova və Vaklav Noid Barta, israilli Nadav Quedj, Latviyadan Aminata, Azərbaycan təmsilçisi Elnur Hüseynov, islandiyalı Mariya Olafs, İsveçdən Mans Zelmerlov, İsveçrə təmsilçisi Melani Rene, Kiprdən Con Karaviyannis, sloveniyalı Maraya, Polşadan Monika Kurzinska çıxaraq öz ifalarını təqdim ediblər.
Yarımfinal mərhələsində iştirak edən 17 ölkənin çıxışlarından sonra 15 dəqiqə ərzində təmsilçilərə səs göndərmək mümkün olub. Səsvermə nəticəsində iştirakçılar arasından finala vəsiqə qazanan 10 ölkə müəyyənləşib. Həmin ölkələrin sıra ardıcıllığı belədir: Litva (1), Polşa (2), Sloveniya (3), İsveç (4), Norveç (5), Monteneqro (6), Kipr (7), Azərbaycan (8), Latviya (9), İsrail (10).
Şoudan sonra finalçılar mətbuat konfransı keçirib, jurnalistlərin suallarını cavablandırıblar. Mətbuat konfransında 10 ölkə təmsilçisinin mayın 23-də keçiriləcək finalda çıxış ardıcıllığını müəyyən etmək üçün püşk atılıb.
Müsabiqənin yarımfinalı dünyanın 50-dək ölkəsində canlı yayımlanıb. Milyonlarla televiziya tamaşaçısı bu möhtəşəm şounu izləmək şansı qazanıb.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Vyana