Elm və təhsil
Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi sessiya keçirilmişdir-A +A
2014-02-24 16:28:00
24.02.2014 [16:28]

Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi sessiya keçirilmişdir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA). Nəsimi adına Dilçilik İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilmişdir. İnstitutdan AzərTAc-a bildirmişlər ki, tədbiri bu elmi müəssisənin direktor müavini, filologiya üzrə elmlər doktoru Məhəbbət Mirzəliyeva açaraq dünyada 21 fevral tarixinin

Bakı, 24 fevral (AzərTAc). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA). Nəsimi adına Dilçilik İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilmişdir.
İnstitutdan AzərTAc-a bildirmişlər ki, tədbiri bu elmi müəssisənin direktor müavini, filologiya üzrə elmlər doktoru Məhəbbət Mirzəliyeva açaraq dünyada 21 fevral tarixinin Beynəlxalq Ana Dili Günü kimi qeyd edilməsinin əhəmiyyətindən söhbət açmışdır. M.Mirzəliyeva bu günün tarixi-mənəvi dəyərindən bəhs edərək ana dilimizi tədqiq və təbliğ edən Azərbaycan dilçilərinin, xüsusən gənc nəslin qarşısında duran vəzifələrin məsuliyyətindən danışmışdır.
Sessiyada institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva ana dilimizin tarixi təkamül xüsusiyyətləri və bugünkü inkişaf meyllərindən bəhs etmiş, dilimizin müxtəlif aspektlərdən tədqiqində gənc alimlərin rolunu xüsusi vurğulamışdır. O, gənc dilçilərin ana dilimizə sevgisini yüksək qiymətləndirərək qeyd etmişdir ki, institutda yeni yaradılmış və artıq səmərəli fəaliyyəti ilə diqqət çəkən, əsasən gənclərdən ibarət monitorinq şöbəsi ana dilimizin inkişafı və qorunması üçün əhəmiyyətli işlər görür.
Elmi sessiyada müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Məmmədovanın “Dilimizin saflığını qoruyaq”, türk dilləri şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlünün “Azərbaycan dilinə dövlət qayğısı”, monitorinq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Qaziyevanın “Qloballaşma dövründə dil əlaqələri və dillərin saflığı problemi” mövzusunda məruzələri dinlənilmişdir.
Məruzələrdə bildirilmişdir ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn uzaqgörən siyasətinin nəticəsidir. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı Azərbaycan dilinin sərbəst inkişafı və geniş tətbiqi üçün zəmin yaratmışdır.
Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçrilməsi haqqında” və “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” müvafiq Sərəncamları dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Tədbirdə monitorinq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rasim Heydərovun “Dillərin inkişafında dil əlaqələrinin rolu” adlı kitabının təqdimatı olmuşdur.
Sessiyada çıxış edənlər təqdim olunan monoqrafiyanın elmi və praktiki əhəmiyyətindən danışmışlar.
 

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır
Dostuna göndər
© Copyright AzerTAc© All Rights Reserved.