AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

28.04.2016 [18:36]

Bakı, 28 aprel, AZƏRTAC 

SOCAR-ın işçilərinin 13-14 yaşlı övladları üçün “Uniper” (keçmiş E.ON) şirkətinin dəstəyi ilə iyunun 19-dan iyulun 3-dək Almaniyada növbəti yay düşərgəsi təşkil olunacaq.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, düşərgəyə iştirakçıların seçilməsi məqsədilə şirkətin İnsan Resursları Departamentində (İRD) test imtahanı keçirilib. Xüsusi kompyuter proqramından istifadə edilməklə keçirilən test imtahanında şagirdlərə Təhsil Nazirliyinin orta ümumtəhsil məktəbləri üzrə təsdiq etdiyi fənn və tədris proqramlarına uyğun olaraq 7 fənn üzrə 35 test tapşırığı təqdim edilib. 38 nəfərin iştirak etdiyi imtahanda sualların cavablandırılmasına 90 dəqiqə vaxt ayrılıb. Test imtahanının gedişini valideynlər İRD-nin binasında quraşdırılan monitorda canlı izləyiblər. Test nəticələri imtahan bitdikdən dərhal sonra elektron və kağız formatında valideynlərə təqdim edilib.
Qeyd edək ki, 2013-cü il sentyabrın 19-da SOCAR və “Uniper” şirkətlərinin uzunmüddətli əməkdaşlığı üçün geniş imkanlar yaradan qaz satışı müqaviləsinin imzalanması ilə iki şirkət arasında təkcə istehsalat əlaqələri deyil, texnologiya və innovasiya, menecment təlimi, gənc mütəxəssislərin inkişafı, tədqiqat və korporativ sosial məsuliyyət sahələrində də münasibətlər genişlənib. Müqaviləyə əsasən, hər iki şirkətin əməkdaşlarının övladları üçün Azərbaycanın və Almaniyanın müxtəlif şəhərlərində yay düşərgələri təşkil olunur. 2014 və 2015-ci illərdə Almaniyanın Düsseldorf şəhərində SOCAR-ın əməkdaşlarının uşaqları üçün 15 günlük yay düşərgəsi təşkil olunub. 2015-ci ilin iyul-avqust aylarında Almaniyanın “Uniper” şirkətinin əməkdaşlarının uşaqları da Azərbaycana gələrək yay düşərgəsi iştirakçısı olublar. Almaniyalı uşaqlar Bakıda Şirvanşahlar sarayına, Qız Qalasına, Qobustan qoruğuna, Atəşgah məbədinə, Olimpiya stadionuna, Kristal saraya baş çəkib, Şəki, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz şəhərlərinə səfər ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az