CƏMİYYƏT
100-cü ilində döyüşdən sülhə Çanaqqala
Bakı, 6 mart, Ülviyyə Məmmədli, AZƏRTAC
Çanaqqala döyüşünün 100-cü ildönümünə həsr edilən “Yerində tarix” layihəsinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, “100-cü ilində döyüşdən sülhə Çanaqqala” layihəsi çərçivəsində keçirilən təqdimat Yunus Əmrə İnstitutu tərəfindən təşkil olunub.
Tədbirdə çıxış edən Yunus Əmrə İnstitutunun Bakı Türk Mədəniyyət Mərkəzinin rəhbəri Ali Cura bildirib ki, layihə çərçivəsində 25 nəfərdən ibarət tələbə, müəllim və vətəndaş cəmiyyəti üzvləri Türkiyəyə göndəriləcək. Layihə iştirakçıları Çanaqqalaya və Türkiyənin digər şəhərlərinə gedəcək, Türkiyə tarixi və mədəniyyəti ilə yaxından tanış olacaqlar.
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Çoşqun layihə haqqında danışaraq bildirib ki, Çanaqqala döyüşünün 100 illiyi ilə bağlı bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Səfir bildirib ki, Türkiyənin keçdiyi yolla digər ölkələrin keçdiyi yola baxdıqda nə qədər böyük fərq olduğunu görürük. Çanaqqala döyüşünün 100-cü ildönümünü qeyd etməklə dünyaya sülh mesajları vermək istəyirik. İnsani dəyərlərə daha çox önəm verildiyi bir zamanda nifrətə qarşı çıxmaq üçün bu mesaj çox vacibdir.
Diplomat ölkələrimiz arasında münasibətlərin həmişə yüksək səviyyədə olduğunu və bu münasibətlərin daha da möhkəmlənəcəyini vurğulayıb.
Tədbirdə çıxış edən tələbələr layihə haqqında fikirlərini bildiriblər.