İQTİSADİYYAT
OPEC və qeyri-OPEC ölkələri gündəlik hasilatın azaldılmasına dair razılığa gəliblər
Vyana, 10 dekabr, AZƏRTAC
OPEC və qeyri-OPEC ölkələri gündəlik hasilatın azaldılmasına dair razılığa gəliblər.
Dekabrın 10-da Vyanada Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) mənzil-qərargahında OPEC və qeyri-OPEC ölkələrinin görüşü keçirilib. Qeyri-OPEC ölkələri gündəlik neft hasılatını 600 min barreldən çox olmaqla azaldacaqlarına dair OPEC ölkələri ilə razılığa gəliblər.
Noyabrın 30-da OPEC-in Vyanada keçirilən toplantısında gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılması qərara alınıb, qeyri-OPEC ölkələrinin də öz hasilat proqramlarında dəyişiklik etməsi üçün məsləhətləşmələr aparılmışdı. Artıq qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan da, bu təşəbbüsə qoşularaq, dünya bazarlarında neftin qiymətinin sabitləşməsi və tələb-təklif mütənasibliyinin qorunması məqsədilə hasilatın azalmasına dair qərar qəbul ediblər.
Bu razılaşma hər iki tərəf arasında 15 ildən bəri qəbul edilmiş ilk birgə paktdır. Razılaşma ümumilikdə 25 ölkə tərəfindən dəstəklənir.
Həm OPEC, həm də qeyri-OPEC ölkələri gələn il yanvarın 1-dən etibarən razılaşmaların tətbiqinə başlayacaqlar.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana