REGİONLAR
Azərbaycan xalqı torpaqlarının itirilməsi ilə heç vaxt razılaşmayacaq
Beyləqan, 12 yanvar, AZƏRTAC
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi mayor Cavit Elyas xocavəndli məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Beyləqan rayonu ərazisində salınmış Xocavənd qəsəbəsində olublar.
Xocavənd Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ermənistanın işğalçılıq siyasətindən söz açılıb, Azərbaycan torpaqlarının tezliklə azad edilməsinin və öz vətənində məcburi köçkünə çevrilmiş bir milyon insanın pozulmuş hüquqlarının bərpa olunmasının vacibliyi diqqətə çatdırılıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları, erməni silahlıları tərəfindən törədilən qanlı cinayətlər barədə qonaqlara geniş məlumat verən icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov beynəlxalq təşkilatların münaqişəyə hələ də ikili yanaşdığını, işğala məruz qalanla işğalçı tərəfin eyni tutulduğunu deyib.
Diqqətə çatdırılıb ki, Azərbaycan xalqı öz torpaqlarının itirilməsi ilə heç vaxt razılaşmayacaq və hansı yolla olursa-olsun ərazi bütövlüyünü təmin edəcəkdir.
Görüşdə, həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttində mütəmadi olaraq atəşkəsin pozulmasından da danışılıb. Bildirilib ki, Ermənistan ordusu tərəfindən hərbçilərlə yanaşı, təmas xəttinə yaxın ərazilərdə yaşayan, burada təsərrüfat işləri ilə məşğul olan mülki şəxslər, onlara məxsus avtomobillər, mal-qara və atlar da hədəf seçilir.