QAN YADDAŞI
Sofiyada Qanlı Yanvar faciəsinin qurbanları anılıb
Sofiya, 20 yanvar, AZƏRTAC
Sofiyada Qanlı Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı mərasim keçirilib. Anım mərasimində Bolqarıstandakı Azərbaycan diasporunun nümayəndələri, Azərbaycanlı tələbələr və “Azərbaycanın Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Azərbaycan xalqı ilə bu ağrılı günü bölüşdükləri üçün iştirakçılara təşəkkürünü bildirib. Xalqımızın tarixində qanlı iz qoymuş bu faciənin səbəblərinə nəzər salınaraq, 1980-ci illərin sonunda Vətənimizin Ermənistanın davamlı təxribatları və əsassız ərazi iddiaları ilə üzləşdiyi, ermənilərin məkrli niyyətlərinin M.Qorbaçovun başçılığı ilə onların Sovet İttifaqı rəhbərliyindəki əlaltıları tərəfindən dəstəkləndiyi qeyd olunub. Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan azərbaycanlılara qarşı geniş etnik təmizləmə kampaniyasının başladıldığını vurğulayan səfir həmin dövrdə Ermənistandan 250 mindən artıq azərbaycanlının tarixən yaşadıqları doğma yurdlarından deportasiya edildiyini, bu zaman ən azı 216 azərbaycanlının ermənilər tərəfindən xaincəsinə öldürüldüyünü, 1154 nəfərin isə yaralandığını bildirib. Diplomat müxtəlif etnik və dini mənsubiyyətə malik Azərbaycan vətəndaşlarının ədalətsizliklə razılaşmayaraq və Sovet İttifaqının vətəndaşı qismində öz hüquqlarından istifadə edərək, nümayişlər keçirməklə və ermənilər tərəfindən həyata keçirilən zorakılıq hallarına son qoymağı Moskvadakı mərkəzi hökumətdən tələb etməklə dinc etirazlara başladığını, lakin azərbaycanlıların haqlı tələblərinə cavabın M.Qorbaçov hökuməti tərəfindən əsl cinayətkarları məsuliyyətə cəlb etməklə deyil, günahsız insanlara qarşı atəş açmaqla verildiyini deyib.
Sovet ordusu tərəfindən həyata keçirilmiş tammiqyaslı hərbi hücum nəticəsində müxtəlif millətlərdən 147 nəfər Azərbaycan vətəndaşının vəhşicəsinə öldürüldüyü, 744 nəfərinin yaralandığı, 841 nəfərinin isə əsassız həbs olunduğu mərasim iştirakçılarının diqqətinə çatdırılıb. Səfir misli görünməmiş vəhşiliklər törədən sovet ordusunun mülki şəxslərə, yaşayış binalarıma, tibb müəssisələrinə atəş açdığını, eyni zamanda təcili tibb yardım maşınlarına yaralı insanlara yardım göstərməyə icazə verilmədiyini qeyd edib.
N.Qurbanova çıxışında sovet ordusunun bu qəddar hücumunun ölkəmizin ərazi bütövlüyü və hüquqları uğrunda mübarizə aparan Azərbaycan vətəndaşlarının əzmini qıra bilmədiyini ifadə edərək Qanlı Yanvar gecəsində Azərbaycan xalqının iradəsi və ədalət uğrunda mübarizəsinin sovet hərbi maşınına qalib gəldiyini, Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu diqqətə çatdırıb.
Həmin günlər haqqında söhbət edən səfir bütün təhdidlərə rəğmən ümummilli lider Heydər Əliyevin 21 yanvar 1990-cı il tarixində Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Qanlı Yanvar faciəsi ilə bağlı verdiyi bəyanatın Azərbaycan xalqının milli müqavimət ruhunun daha da möhkəmlənməsində mühüm rol oynadığını xüsusilə vurğulayıb.
Çıxışının sonunda səfir 20 yanvar tarixində minlərlə insanın Şəhidlər Xiyabanını ziyarət etdiyini, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş cəsarətli soydaşlarımızın xatirələrinin, eyni zamanda, həmvətənlərimizin yaşadığı dünyanın hər bir nöqtəsində onlar və ölkəmizin dostları tərəfindən yad edildiyini bildirib.
Tədbirdə, həmçinin uzun müddət Bolqarıstan Respublikası parlamentinin deputatı və Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri olmuş Rəmzi Osman, Bolqarıstandakı Azərbaycan diasporunun üzvü Sabir Quliyev və vaxtilə Azərbaycanda təhsil almış, əslən bolqar türkü professor Çinqiz Xakov çıxış edərək, həmin faciəli günlərlə bağlı öz xatirələrini bölüşüblər. Bu hadisələrin Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi uğrunda mübarizənin ən vacib mərhələsi olduğunu bildirən çıxışçılar hazırda uğurla inkişaf edən müstəqil Azərbaycan Respublikasının gücləndirilməsi üçün səyləri əsirgəməməyə çağırıblar. Sonra Qanlı Yanvar faciəsindən bəhs edən film nümayiş etdirilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya