QAN YADDAŞI
20 Yanvar şəhidlərinin əziz xatirəsi Ər-Riyadda da ehtiramla yad olunub
Ər-Riyad, 21 yanvar, АZƏRTAC
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbirdə səfirliyin əməkdaşları, xarici qonaqlar, ziyalılar, iş adamları və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.
20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra çıxış edən səfir Rasim Rzayev 1990-cı ilin 20 yanvar tarixində sovet ordusu tərəfindən Azərbaycanda törədilmiş faciə və ölkəmizin azadlığı uğrunda küçələrə çıxmış dinc sakinlərə qarşı törədilmiş cinayətlər haqqında geniş məlumat verib. Rasim Rzayev bildirib ki, 1985-ci ildə SSRİ-yə rəhbərlik edən M.Qorbaçov Dağlıq-Qarabağı Azərbaycandan ayırmaq və “böyük Ermənistan” qurmaq xəyalı ilə yaşayan erməni şovinistlərinə dəstək olub.
Səfir diqqətə çatdırıb ki, 20 Yanvar hadisələrindən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, burada jurnalistlər qarşısında verdiyi mətbuat konfransında M.Qorbaçovun həyata keçirdiyi məkrli siyasətin ağır fəsadlarını açıqlayıb. Azərbaycan xalqının Ümummilli Lideri 20 Yanvar faciəsinin əsl mahiyyətini ifşaedici faktlar əsasında dünya ictimaiyyətinə çatdırıb.
Sonra səfirliyin birinci katibi Mehdi Abdullayev və üçüncü katibi İmran Sadıxov, bu ölkədə yaşayan həmvətənimiz Yaşar Vəliyev və başqaları 20 Yanvar hadisələri barədə fikir və mülahizələrini bölüşüblər. Çıxışlarda diqqətə çatdırılıb ki, haqq işi uğrunda əzmlə mübarizə aparan Azərbaycan xalqı böyük bir mətanətlə sovet tanklarının qarşısına çıxaraq milli iradəsini ortaya qoyub.
Səfirliyin ikinci katibi Elvin Xəlilli Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin 1990-cı il 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar bəyanatını oxuyub.
Rəsmi hissədən sonra iştirakçılar Qanlı Yanvarın dəhşətlərini təsvir edən foromateriallarla tanış olublar.
20 Yanvar – şəhidlərin xatirə günü ilə əlaqədar Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) bəyanatı Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn və Oman xarici işlər nazirliklərinə, o cümlədən Ciddə şəhərində yerləşən İslam Əməkdaşlıq Təşkilatına göndərilib və orada yayımlanıb.
20 Yanvar hadisələrinin 27-ci ildönümü ilə əlaqədar Səudiyyə Ərəbistanının “Ər-Riyad” qəzetində və internet səhifəsində səfir Rasim Rzayevin ingilis və ərəb dillərində məqaləsi dərc olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad