QAN YADDAŞI
20 Yanvar faciəsi Efiopiyada silsilə tədbirlərlə yad edilib
Əddis-Əbəbə, 21 yanvar, AZƏRTAC
Azərbaycanın Efiopiyadakı səfirliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib.
Əddis-Əbəbə şəhərindəki “Sebeta” görmə qabiliyyəti məhdud olan və gözdən əlil uşaqlar üçün xüsusi məktəbdə xeyriyyə aksiyası təşkil olunub. Aksiya çərçivəsində uşaqlara Brayl əlifbası ilə çap olunmuş kitabların oxunması üçün xüsusi avadanlıqlar və görmə məhdudiyyətli insanlar üçün nəzərdə tutulmuş ağ çəliklər hədiyyə olunub.
Tədbirdə çıxış edən məktəbin direktoru Abera Mamo göstərilən qayğıya görə Azərbaycan Hökumətinə dərin təşəkkürünü bildirərək, 2017-ci ildə Azərbaycan Respublikasının məktəbə yardım göstərən ilk ölkə olduğunu xüsusi vurğulayıb. Direktor bu addımı məktəbdə təhsil alan şagirdlər üçün önəmli mənəvi dəstək kimi qiymətləndirib. A.Mamo 20 Yanvar faciəsi haqqında məlumat verərək, bu faciədə həyatını itirmiş insanların xatirəsinin şagirdlər üçün hər zaman əziz olacağını bildirib.
Sonra tədbirdə çıxış edən Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev 1990-cı il yanvarın 20-nin ən faciəli günlərdən biri olmaqla yanaşı, Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldığını qeyd edib, xalqımızın müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrildiyini vurğulayıb.
Digər tədbir Efiopiyanın aparıcı təhsil ocağı sayılan və bu ölkənin bir çox yüksək səviyyəli dövlət rəsmilərinin, o cümlədən Baş nazir Haylemaryam Desalenin məzun olduğu Milli Liderlik İnstitutunda təşkil olunub.
Tədbirdə Əddis-Əbəbə, Dövlət İdarəçilik, St-Meri universitetlərinin və Afrika İttifaqı Liderlik Akademiyasının müəllim və tələbə heyətləri, ölkəmizdə təhsil almış Efiopiya vətəndaşları və yerli jurnalistlər iştirak ediblər. Səfir E.Abdullayev tədbirdə Qanlı Yanvar barədə təqdimatla çıxış edərək, 20 Yanvar hadisələrinin tarixi önəmindən, SSRİ-nin süqutunda oynadığı həlledici rolundan bəhs edib. Səfir qanlı faciədən dərhal sonra ulu öndər Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat verməsini, təcavüzə kəskin etirazını bildirməsini, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etməsini xüsusi vurğulayıb.
Аsya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əddis-Əbəbə