SİYASƏT
AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri tam şəkildə təsdiqlənib
Strasburq, 23 yanvar, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri tam şəkildə təsdiqlənib. AŞPA-da yalnız Slovakiya nümayəndə heyətinin səlahiyyətləri təsdiqlənməyib. Sessiya müddətində nümayəndə heyətimiz öz işini həmişəki qaydada həyata keçirəcək.
Bu sözləri AŞPA-nın qış sessiyasının ilk günündə AZƏRTAC-a müsahibəsində ölkəmizin bu qurumdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
S.Seyidov deyib ki, sessiyadan əvvəl bəzi destruktiv, ölkəmizin milli mənafelərinə uyğun olmayan qeyri-hökumət təşkilatları Parlament Assambleyasına Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması və Azərbaycana qarşı hansısa konkret addımlar atılması ilə bağlı müraciət etdilər.
Sessiyanın açılışında AŞPA prezidenti çıxışında ölkəmizdə gedən prosesləri yüksək qiymətləndirərək Azərbaycan ilə AŞPA arasında konstruktiv dialoqun olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin bu qurumda apardığı ardıcıl fəaliyyət nəticəsində bütün bu subyektiv, qərəzli, Azərbaycanın maraq və mənafelərinə uyğun olmayan iddialar Avropa Şurası Parlament Assambleyası tərəfindən rədd edilib. Avropa Şurası və Azərbaycan arasındakı münasibətlər normal şəkildə cərəyan edir və əminik ki, gələcəkdə daha da inkişaf edəcək.
Səməd Seyidov vurğulayıb ki, sessiyanın ilk günündə Türkiyəyə qarşı da müəyyən mənfi cəhdlər göstərilib. Türkiyə ilə bağlı məsələnin Assambleyada “təcili müzakirələr” başlığı altında gündəliyə daxil edilməsi bəzi üzvlər tərəfindən hər vəchlə tələb olunurdu. Ancaq iki qardaş ölkənin nümayəndə heyətlərinin birgə fəaliyyəti, Azərbaycanın qurumun büro və plenar iclaslarında Türkiyəyə verdiyi dəstək, eləcə də Azərbaycanın və digər konstruktiv qüvvələrin göstərdiyi dəstək həlledici rol oynadı və Türkiyə ilə bağlı məsələ gündəlikdən çıxarıldı.
Azərbaycan və Türkiyə nümayəndə heyətləri Avropa Şurası, eləcə də digər mötəbər təşkilatlar çərçivəsində bundan sonra da ümumi və mütərəqqi dəyərlər uğrunda mübarizələrini davam etdirəcəklər.
Əminliklə deyə bilərik ki, sessiyanın ilk günündən ölkəmizə qarşı yönəlmiş mənfi cəhdlərin qarşısı uğurla alındı və nümayəndə heyətimiz təşkilatda fəaliyyətini həmişə olduğu kimi davam etdirəcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq