REGİONLAR
ABAD layihəsi çərçivəsində Balakənə ilk konteyner gətirilib
Balakən, 18 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən icra olunan sosial xarakterli “Ailə Biznesinə ASAN Dəstək – ABAD” pilot layihəsi çərçivəsində Balakən rayonuna süd məhsullarının hazırlanması üçün nəzərdə tutulan ilk konteyner gətirilib. Koreya Respublikasında istehsal olunan konteyner – mini fabrik heyvandarlıqla məşğul olan fermerlərə süd məhsullarını tez və keyfiyyətli emal etməyə imkan verəcək.
AZƏRTAC xəbər verir ki, ABAD layihəsi çərçivəsində Balakənə gətirilən ilk konteyner fevralın 18-də Katex kəndində fəaliyyət göstərən “Kərimovlar fermer təsərrüfatı”nın rəhbəri Məhəmməd Kərimova təqdim olunub. Mərasimdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Çanq-qyu, həmçinin fermer və sahibkarlar, ABAD layihəsindən yararlanmaq istəyən ailələr iştirak ediblər.
Məlumat verilib ki, layihə çərçivəsində rayona gətirilmək üçün 12 konteyner sifariş verilib. Bu konteynerlərdən 9-u meyvə məhsullarının konservləşdirilməsi, cem, mürəbbə və kompot istehsalı, 2-si süd məhsullarının hazırlanması, biri isə kolbasa və sosiska istehsalı üçün nəzərdə tutulub.
Bildirilib ki, süd məhsullarının emalı üçün nəzərdə tutulan bu kiçik mini fabrikdə yağ və pendir istehsal ediləcək. Konteynerdə hazırlanan məhsullar layihənin təşkilatçısı tərəfindən alınaraq istehsalçılara çatdırılacaq.
Sonra qonaqlar Katex kəndindəki soyuducu anbar kompleksinin ərazisində yeni quraşdırılmış meyvə qurusu emalı müəssisəsi ilə tanış olublar. Diqqətə çatdırılıb ki, bu emal müəssisəsində dünya bazarlarında böyük tələbat olan xurma məhsullarının qurudulması həyata keçiriləcək. Hazırda burada 10 işçi çalışır. Məhsul yığımı dövründə isə işçilərin sayı iki dəfədən çox artırılacaq.