QAN YADDAŞI
Peru Respublikası Konqresində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Vaşinqton, 25 fevral, AZƏRTAC
Peru Respublikası Konqresində Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbir Peru Konqresinin Peru-Azərbaycan dostluq qrupu və Azərbaycan Respublikasının Meksikadakı səfirliyinin Perunun Lima şəhərindəki ofisinin birgə təşəbbüsü ilə təşkil edilib.
Tədbirdə dostluq qrupunun üzvləri olan konqresmenlər, Türkiyənin Perudakı səfiri, Perunun ən nüfuzlu Universitetlərinin rəhbərləri, həmçinin Peru KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konqresdə Azərbaycan-Peru dostluq qrupunun sədri Dalmiro Felisiano Palomino Ortiz çıxışında uzun illərdir davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionun təhlükəsizliyi üçün təhdid yaratdığını qeyd edib. O, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini bildirib. Azərbaycan xalqına qarşı yönəldilmiş etnik təmizləmənin nəticələri barədə məlumat verib. Xocalı soyqırımı zamanı yüzlərlə günahsız azərbaycanlının qətlə yetirildiyini vurğulayıb, bu qətliamın XX əsrin ən dəhşətli faciələrdən biri olduğunu diqqətə çatdırıb.
Daha sonra Peru nümayəndəsi tədbir iştirakçılarına Xocalı qətliamı barədə məlumat verib. O, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsinin Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyini vurğulayıb.
D.Palomino Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini qətiyyətlə pislədiyini vurğulayıb. Bununla belə, Peru konqresmeni beynəlxalq təşkilatları Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılması və Qafqaz regionunda sülh və əmin-amanlığın təmin edilməsi üçün zəruri addımlar atmağa çağırıb.
Daha sonra Azərbaycanın Meksikadakı səfirliyinin Perunun Lima şəhərindəki ofisinin nümayəndəsi Mehdi Məmmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizə qarşı təcavüzü və Xocalı soyqırımı barədə ətraflı danışıb.
Diplomat qeyd edib ki, Xocalı soyqırımı yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Bildirilib ki, dünya ictimaiyyəti artıq Xocalıda baş vermiş dəhşətli faciə ilə bağlı həqiqətlərlə tanış olur. Bunun nəticəsində bir sıra ölkələr və İslam Əməkdaşlıq Təşkilatı bu soyqırımı tanıyıb. O, məmnunluq hissi ilə Perunun həmin dövlətlər sırasında olduğunu qeyd edib. Diplomat Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının uğurla fəaliyyət göstərdiyini vurğulayıb
Tədbir zamanı Xocalı soyqırımı haqqında ispan dilində sənədli film nümayiş etdirilib.
Qeyd edək ki, sözügedən tədbir Peru Konqresinin rəsmi internet səhifəsi, həmçinin sosial şəbəkələrdəki səhifələrində işıqlandırılıb. Bundan əlavə Perunun televiziya kanallarından birində tədbir barədə məlumat verilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton