QAN YADDAŞI
İspaniyanın bir neçə şəhərində Xocalı qurbanlarının xatirəsi anılıb VİDEO
Madrid, 25 fevral, AZƏRTAC
İspaniyanın Madrid, Barselona, Valensiya və Mursiya şəhərlərində Xocalı soyqırımı qurbanlarının xatirəsini anım tədbirləri keçirilib.
Madriddə təhsil alan və yaşayan azərbaycanlıların təşəbbüsü və Azərbaycanın İspaniyadakı səfirliyinin dəstəyi ilə şəhərin Xasinto Benavente meydanında icazəli aksiya keçirilib. Aksiya çərçivəsində əhaliyə Xocalı faciəsi barədə məlumat verilib, broşürlər paylanıb, həmçinin bu soyqırımının tanınması üçün petisiya imzalanıb. Meydanda Xocalı qurbanlarının xatirəsinə şamlar yandırılıb, qərənfillər düzülüb.
Digər anım mərasimi Barselonada keçirilib. Burada “Xocalıya ədalət!” kampaniyası çərçivəsində “Sonsuz dəhliz” filmi nümayiş etdirilib.
Azərbaycanın İspaniyadakı səfirliyinin dəstəyi ilə keçirilmiş tədbirdə çıxış edən Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin sədri Kərim Kərimov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbçiləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı və onun nəticələri barədə məlumat verib. Daha sonra Türkiyənin Barselonadakı konsulu Cahan Gireli çıxış edərək ölkəsinin daim Azərbaycanın yanında olduğunu vurğulayıb.
Valensiya şəhər bələdiyyəsinin icazəsi ilə Plasa de los Pinaso meydanında keçirilən anım aksiyasına da yerli əhalinin marağı güclü olub. Əhaliyə soyqırımı barədə məlumat verilib, broşürlər paylanıb. Tədbir yerli “Levante” qəzeti tərəfindən işıqlandırılıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid