QAN YADDAŞI
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Londonda yürüş-mitinq keçirilib VİDEO
London, 25 fevral, AZƏRTAC
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Londonda yürüş-mitinq keçirilib.
Soyuq hava şəraitinə baxmayaraq, bir neçə saat davam edən yürüş-mitinqdə Britaniyanın müxtəlif universitetlərindən azərbaycanlı və xarici tələbələrlə yanaşı, çoxsaylı insan iştirak edib.
Əllərində Xocalı hadisələri zamanı erməni faşistlərinin dinc sakinləri amansız işgəncələrlə qətlə yetirmələri, ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı faktların əks olunduğu plakatlar tutan aksiya iştirakçıları faciənin günahkarlarının cəzalandırılması, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsi barədə çağırışlar edib, “Xocalıya ədalət!”, “Biz ədalət tələb edirik”, “Biz sülh istəyirik”, “Qarabağ bizimdir, bizim olacaq” şüarlarını səsləndiriblər.
Trafalqar Meydanında başlayan yürüş Britaniya parlamenti binasının qarşısında mitinqlə davam edib.
Yoldan keçərkən aksiyanı görən və soyqırımı ilə maraqlanan müxtəlif ölkələrin təmsilçiləri həmvətənlərimizə dəstək olduqlarını bildiriblər.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London