CƏMİYYƏT
YAP Gənclər Birliyinin üzvləri Cocuq Mərcanlı kəndinin bərpası prosesində iştirak edəcəklər YENİLƏNİB VİDEO
Bakı, 1 mart, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) üzvləri Cocuq Mərcanlı kəndinin bərpası prosesində iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, bu sözləri YAP GB-nin sədri Seymur Orucov martın 1-də “Cocuq Mərcanlıdan-Şuşaya” layihəsinin təqdimatı ilə bağlı Birliyin ofisində təşkil olunan mətbuat konfransında deyib.
S.Orucov bildirib ki, layihə Birliyin çoxsaylı üzvlərinin xahişi əsasında həyata keçirilir. Məqsəd YAP GB-nin üzvlərinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində sosial obyektlərin, evlərin bərpasında iştirakının təmin olunmasıdır. Layihə çərçivəsində Birliyin 40-dək üzvünün mart ayından etibarən Cocuq Mərcanlıya göndərilməsi nəzərdə tutulur. Gənclər, həmçinin ağacəkmə kampaniyalarında, sosial obyektlərin açılışında və digər tədbirlərdə iştirak edəcəklər.
YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, o cümlədən gənclərin bu təşəbbüsünü yüksək qiymətləndirib. Qeyd edib ki, bu günlərdə YAP Nəsimi rayon təşkilatının gənclər birliyinin fəal üzvlərinin bir qrupu Cocuq Mərcanlı kəndinin bərpasında iştirak etmək üçün könüllü inşaat dəstələri yaratmaq istədiyini bildirib. Belə təşəbbüs və müraciətlər YAP GB və partiyanın Nəsimi rayon təşkilatı tərəfindən yüksək qiymətləndirilib. Bu günədək YAP Gənclər Birliyinin müxtəlif rayon təşkilatlarından mindən çox partiya fəalı bu təşəbbüsə qoşulub. YAP gənclərindən ibarət inşaat dəstələrinin Cocuq Mərcanlı kəndinin bərpası prosesində görəcəyi işlərin planı bu sahəyə cavabdeh qurumlara göndərilib.