ELM VƏ TƏHSİL
Akademiyanın Humanitar Elmlər və Naxçıvan bölmələrinin hesabatları dinlənilib
Bakı, 6 mart, P.İmanova, AZƏRTAC
Martın 6-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələləri diqqətə çatdırıb.
AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli “AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi müəssisələrində aparılan tədqiqatların vəziyyəti və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.
Bölmədə yerinə yetirilən elmi və elmi-təşkilati işlər haqqında geniş məlumat verən akademik tədqiqat işlərinin ölkənin sosial-iqtisadi, mədəni-mənəvi və intellektual inkişafına istiqamətləndiyini, elmi-təşkilati fəaliyyətdə innovativ ideyaların tətbiqinə xüsusi önəm verildiyini bildirib.
T.Kərimli institut və təşkilatların ötən il əldə etdiyi mühüm nəticələr, bölmədə elm və təhsilin inteqrasiyası, beynəlxalq əlaqələr sahələrində görülən işlər, dövlət proqramları çərçivəsində, o cümlədən rəyasət heyətinin qərarları ilə keçirilmiş respublika və beynəlxalq səviyyəli tədbirlər haqqında danışıb.
Məruzə müzakirə olunduqdan sonra rəyasət heyəti müəyyənləşdirilən perspektiv istiqamətləri bölmənin gələcək fəaliyyəti üçün əsas kimi qəbul edib.
Sonra Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “AMEA-nın Naxçıvan Bölməsi üzrə elmi tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda məruzəsi dinlənilib. Naxçıvanın tarixi, mədəniyyəti, ədəbiyyatı, folkloru, incəsənəti, təbii sərvətləri, flora və faunasının sistemli öyrənildiyini bildirən akademik hesabat ilində bölmədə əldə olunan nailiyyətləri diqqətə çatdırıb.
İ.Hacıyev ötən il elmlə təhsilin inteqrasiyası, bölmənin beynəlxalq əməkdaşlığı, nəşriyyatçılıq fəaliyyəti, kadr hazırlığı və digər məsələlər haqqında məlumat verib.
Məruzə müzakirə olunduqdan sonra rəyasət heyətinin qərarı ilə hesabat qənaətbəxş hesab edilib. Bölməyə Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamların, dövlət proqramlarının icrası istiqamətində fəaliyyətin gücləndirilməsi, multidissiplinar mövzular üzrə birgə elmi tədbirlərin təşkili, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi və digər istiqamətlərə dair tapşırıqlar verilib.
İclasda AMEA-nın həqiqi və müxbir üzvlüyünə namizədlərin qeydə alınmasının nəticələri müzakirə edilib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə seçkilərin keçirilməsi haqqında rəyasət heyətinin müvafiq qərarlar qəbul etdiyini xatırladıb. Akademik sənədlərin qəbulu üzrə Komissiya tərəfindən namizədlərin siyahısının rəyasət heyətinə təqdim olunduğunu bildirib.
Rəyasət heyəti namizədlərin siyahısının təsdiqi, AMEA-nın mətbu orqanında dərc edilməsi və digər tədbirlər haqqında qərar qəbul edib.
Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov bildirib ki, Prezident İlham Əliyev qeyri-neft sektorunu, xüsusilə kənd təsərrüfatı və emal sənayesini ölkənin gələcək inkişafında əsas prioritet sahələr kimi göstərib.
Akademik faydalı qazıntıların axtarışı və emalının elmi əsaslarının öyrənilməsi, yüksək texnologiyaların tətbiqinin qeyri-neft sənayesinin inkişafında mühüm tədbirlərdən olacağını qeyd edib. Gəncənin faydalı qazıntıların yer aldığı və sənaye əhəmiyyətli bölgələrdən olduğunu deyən alim şəhərdə faydalı qazıntıların axtarışı, yüksək emal texnologiyalarının elmi əsaslarının hazırlanması və tətbiqi, geotermal suların öyrənilməsi üçün uyğun coğrafi şəraitin və elmi potensialın olduğunu diqqətə çatdırıb.
Rəyasət heyəti qeyd olunanları nəzərə alaraq Gəncə Bölməsində Yer fizikası şöbəsinin təşkili və əsasnaməsinin təsdiqi haqqında qərar qəbul edib.
İclasda bir sıra elmi-təşkilati və kadr məsələlərinə də baxılıb.