MƏDƏNİYYƏT


Bakıda təntənəli “Novruz” festivalı VİDEO

Bakı, 20 mart, AZƏRTAC

Martın 20-də Bakıda Milli Turizm Təbliğat Bürosunun təşkilatçılığı ilə təntənəli “Novruz” festivalı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, “Sabir bağı”nda keçirilən festivala el ağsaqqalı Dədə Qorqudun və Bahar qızının Novruz bayramı münasibətilə xalqımızı təbrik etməsi ilə start verilib.

Tədbirdə Novruz personajları - Kosa və Keçəlin maraqlı söhbəti, kəndirbaz və pəhləvanların məharəti, milli geyimli oğlan və qızların rəqsi, respublikanın gənc və tanınmış müğənnilərinin bir-birindən parlaq ifaları bayram əhval-ruhiyyəsini daha da artırıb.

Sənətkarlar öz əl işlərini nümayiş etdiriblər. İştirakçılara milli mətbəximizin təamlarını dadmaq imkanı yaradılıb.

Sonra maraqlı at yürüşü təşkil olunub və ayrıca olaraq Qarabağ atı nümayiş etdirilib.

Martın 26-dək davam edəcək festival çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən 40-dan çox kollektivin iştirakı ilə konsert proqramı təqdim olunacaq.

Qeyd edək ki, ölkə başçısının “Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” müvafiq Fərmanına əsasən, ölkənin beynəlxalq imicinin formalaşdırılması, marketinq işlərinin əlaqələndirilməsi, turistlərin məmnunluğunun və turizm potensialının artırılmasını, beynəlxalq səviyyədə tanıdılmasını təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi yanında “Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxs təsis edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.