CƏMİYYƏT
“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvanlı məktəblilər Bakıda
Bakı, 23 mart, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasından yola salınan şagirdləri Bakıya gətirən təyyarə martın 23-da Heydər Əliyev Beynəlxalq Aeroportunda yerə enib.
AZƏRTAC xəbər verir ki, tur-aksiya iştirakçılarını folklor və rəqqaslar qrupu, Novruzun rəmzləri sayılan Kosa, Keçəl, əllərində səməni və bayram xonçaları olan milli geyimli qızlar qarşılayıblar.
Qrup rəhbəri Elşən Qəbilov AZƏRTAC-a müsahibəsində bildirib ki, muxtar respublikadan IX-XI siniflərdə təhsil alan 160 şagird, 20 bələdçi-müəllim Bakıya gəlib. Budəfəki səyahət Novruz bayramı ərəfəsinə təsadüf etdiyindən məktəblilər üçün daha yaddaqalan olacaq. Şagirdlər 3 gün ərzində paytaxtımızın tarixi abidələri ilə yanaşı, digər görməli yerlərini də gəzəcəklər.
O, bütün iştirakçılar adından aksiyanın təşəbbüskarı olan ölkəmizin başçısına minnətdarlığını bildirib.
Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi Eltac Əhmədova fikirlərini belə bölüşüb: “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirakımdan çox məmnunam. Bu layihə paytaxtımızın tarixi abidələri ilə yaxından tanış olmağıma hərtərəfli imkan yaradıb. İnanıram ki, səfərdən zəngin təəssüratlarla qayıdacağam və burada gördüklərim barədə məktəbli dostlarıma da geniş məlumat verəcəyəm”.