REGİONLAR
Şagirdlər dörd gün ərzində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyada iştirak edəcək VİDEO
Quba, 23 mart , Elxan Yusifli, AZƏRTAC
Prezident İlham Əliyevin təşəbbüsü ilə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində yeddi rayonu təmsil edən məktəblilər martın 23-də Qubaya gəliblər.
AZƏRTAC xəbər verir ki, Cəlilabad, Masallı, Hacıqabul, Biləsuvar, Cəbrayıl, Xocavənd və Zərdab rayonlarından olan ümumilikdə, 300-ə yaxın şagird dörd gün ərzində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyada iştirak edəcək.
Məktəblilər Qubadakı Heydər Əliyev adına parkda qarşılanıblar. Tur-aksiya iştirakçıları burada Heydər Əliyev Mərkəzi və Gənclər Mərkəzi ilə yaxından tanış olublar.
Tur-aksiya çərçivəsində məktəblilər Qusar, Quba və Xaçmaz rayonlarına səfər edəcəklər.
Aksiya iştirakçıları qarşıdakı üç gün ərzində Quba Soyqırımı Memorial Kompleksində erməni vəhşiliyinin əyani şahidi olacaq, yəhudilərin sıx məskunlaşdığı Qırmızı qəsəbəyə, Xınalıq yolundakı şəlaləyə ekskursiya edəcəklər. Məktəblilər Qusar rayonunda “Şahdağ” Turizm Mərkəzi, Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsi ilə tanış olacaqlar. Xaçmaz şəhərindəki “Şəxsiyyətlər muzeyi"nə, Çənlibel parkına, xalça muzeyinə ekskursiyalar, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər məktəblilərin marağına səbəb olacaq.
Məktəblilərin Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyası martın 26-da yekunlaşacaq.