MƏDƏNİYYƏT
Türkiyənin Edirnə şəhərində Novruz konserti
Edirnə, 25 mart, АZƏRTAC
Novruz bayramı münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Türkiyənin Edirnə şəhərindəki Trakya Universiteti tərəfindən konsert təşkil olunub.
Konsertin açılışında Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı və Trakya Universitetinin rektoru Erhan Tabakoğlu çıxış ediblər.
Qədim Novruz bayramının türkdilli xalqların ortaq mədəniyyəti olduğunu diqqətə çatdıran çıxışçılar bildiriblər ki, bu beynəlxalq bayram münasibətilə birgə mərasimlərin təşkili xalqlarımız arasında çoxşaxəli qardaşlıq münasibətlərini daha möhkəmləndirir. Xarici ölkələrdə keçirilməsi nəzərdə tutulan digər Novruz mərasimlərinin əhəmiyyəti yüksək qiymətləndirilib.
Konsertdə türk dünyasının ayrı-ayrı yerlərindən gəlmiş incəsənət ustalarının maraqlı ifaları olub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Edirnə