REGİONLAR
104 yaşlı Vəsmə nənə: İndiyədək ağır xəstəlik keçirməmişəm, ev işlərini də özüm görürəm VİDEO
Lənkəran, 25 fevral, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonunun Gərmətük qəsəbəsində yaşayan Vəsmə Abbasovanın 104 yaşı var.
AZƏRTAC xəbər verir ki, pasportda Vəsmə nənənin 106 yaşının olduğu qeyd olunsa da, Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun apardığı tədqiqatlar nəticəsində onun 104 yaşının olduğu müəyyən edilib.
Vəsmə Abbasovanın 7 övladı, 25 nəvəsi, 27 nəticəsi, 5 kötükcəsi var. Ailənin 65 üzvü var və onların hamısını yaxşı tanıyır. Özünü gümrah hiss edir, iş görür. İldə iki dəfə həkimlərin nəzarəti ilə vitamin qəbul edir.
Vəsmə nənə bildirib ki, ev işlərini özü görür. İndiyədək ağır xəstəlik keçirməyib, dərman qəbul etməyib. Anası 111 il, bacısı isə 91 il yaşayıb.
Onun həmyerlisi, Gərmətük qəsəbə sakini Kafiyə Babayevanın isə 96 yaşı var. Kafiyə nənə uzunömürlülüyün səbəbini zəhmətsevər həyat tərzində və düzgün qidalanmada görür: “15 yaşımdan 70 yaşımadək işləmişəm. Çəltik, kartof, pomidor əkmişəm. Hər səhər də süd içirəm. Ancaq sulu yeməklər yeyirəm”.
Kafiyə nənə indi də təsərrüfat işləri ilə məşğul olduğunu, təndirdə çörək bişirdiyini bildirib.
Qeyd edək ki, Lənkəran rayonunda yaşı 90-ı keçənlərin sayı 107 nəfərdir.