SİYASƏT


Cenevrədə Qoşulmama Hərəkatına həsr edilən beynəlxalq forum təşkil olunub

Cenevrə, 21 aprel, AZƏRTAC

Aprelin 20-də BMT-nin Cenevrə bölməsində Qoşulmama Hərəkatının təsis olunmasının əsasını təşkil edən 1955-ci ildə qəbul edilmiş “Bandunq prinsipləri”nin 62-ci ildönümünə həsr edilmiş “Qoşulmama Hərəkatının tarixi əhəmiyyətinin təsdiqlənməsi” adlı beynəlxalq forum keçirilib.

Qoşulmama Hərəkatında (QH) hazırda sədrlik edən Venesuelanın təşəbbüsü ilə təşkil edilən tədbirdə BMT-nin Cenevrə bölməsi yanında daimi nümayəndələri və buradakı beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Forumda əsas məruzəçilər olmuş QH-nin hazırkı sədri Venesuela və əvvəlki sədri İranın təmsilçiləri ilə yanaşı, çıxış edən Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov Qoşulmama Hərəkatının beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində vacib rolunu vurğulayıb, müasir qlobal problemlər və bununla bağlı QH qarşısında duran yeni vəzifələr barəsində danışıb. Bununla əlaqədar, ölkələrin davamlı inkişafının təmin edilməsi məqsədilə Hərəkat çərçivəsində daha möhkəm həmrəyliyin, dialoqun və əməkdaşlığın qurulmasının zəruriliyi qeyd olunub.

Hazırkı dövrdə hərbi münaqişələrin ölkələrin inkişafına mane olduğunu qeyd edən V.Sadıqov Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin pozulması məsələsinə toxunub. BMT Təhlükəsizlik Şurasının Ermənistanın təcavüzkar siyasətini pisləyən və işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən dörd qətnaməsinin hələ də icra olunmadığını təəssüf hissi ilə bildirib. Daha sonra çıxışda dünya ictimaiyyətinin birmənalı mövqeyinin beynəlxalq sülhə qarşı bu cür dəhşətli təhlükələrin aradan qaldırılması baxımından önəmli olduğu vurğulanıb. Bu baxımdan, Qoşulmama Hərəkatına üzv olan dövlətlər tərəfindən Hərəkatın əsas prinsiplərinə sadiq qalaraq ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı ifadə edilən ənənəvi dəstəyə görə Azərbaycanın minnətdarlığı bildirilib.

2016-cı ilin sentyabrında Venesuelada keçirilmiş Qoşulmama Hərəkatına üzv olan ölkələrin dövlət və hökumət başçılarının XVII zirvə görüşündə qəbul edilmiş qərara əsasən, 2019-2022-ci illərdə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcək. Həmin qərara əsasən Hərəkatın XVIII zirvə görüşü 2019-cu ildə Azərbaycanda keçiriləcək.

Qoşulmama Hərəkatı dünyanın 120 dövlətini hərbi bloklara qoşulmamaq prinsipi üzrə birləşdirən beynəlxalq təşkilatdır. Onun yaradılması təşəbbüsü 1955-ci ildə Bandunq Konfransında irəli sürülüb, 1961-ci ildə isə Belqrad şəhərində keçirilmiş konfransda Qoşulmama Hərəkatının təsis olunması bəyan edilib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.