DÜNYA
Belçikada 19 minə yaxın şəxs terrorçularla əlaqədə şübhəli bilinir
Bakı, 21 aprel, AZƏRTAC
Belçika polisinin terroristlərlə əlaqədə şübhəli bilinən şəxslər barədə məlumatlar bazasında 18 min 884 nəfərin adı keçir ki, bu da 2010-cu illə müqayisədə 10 dəfə çoxdur.
AZƏRTAC xəbər verir ki, RTL teleradio kompaniyasının Belçika Daxili İşlər Nazirliyinə istinadla yaydığı məlumata əsasən, adları polisin siyahısına daxil edilənlərin 2,2 min nəfəri radikallığa və təcavüz aktlarına potensial hazır olan şəxslərdir.
Xatırladaq ki, 2016-cı il martın 24-dən Belçikada üçüncü terror təhlükəsi səviyyəsi tətbiq olunur. Martın 22-də Brüssel metrosunda və hava limanında baş verən terror hücumlarından sonra elan edilən ən yüksək dördüncü təhlükə səviyyəsi hadisədən iki gün sonra üçüncü səviyyəyə endirilib.
Parisdə 2015-ci ilin noyabrında törədilmiş terror aktlarından sonra Belçikada ictimai yerlərdə təhlükəsizliyin təmin olunmasına hərbçilər də cəlb edilib. Hazırda onların sayı 1250 nəfərə çatır. Ölkənin müdafiə naziri Steven Vandeputun sözlərinə görə, hərbçilərin antiterror əməliyyatlarında iştirakı indiyədək Krallıq büdcəsinə 100,289 milyon avroya başa gəlib.