CƏMİYYƏT
Yasamalda yanmış bina bərpa edilərək sahiblərinə təhvil veriləcək
Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 21-də Yasamal rayonu, Həzi Aslanov 3 ünvanında yerləşən üçmərtəbəli yaşayış binasının bərpa olunması prosesinə start verilib. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev həmin əraziyə gələrək görülən işlərlə tanış olub. Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
Xatırladaq ki, bu il yanvarın 27-də Həzi Aslanov 3 ünvanında üçmərtəbəli yaşayış binasında güclü yanğın baş verib. Yaşayış sahəsi 300 kvadratmetr olan bu binada yanğından sonra rayon icra hakimiyyəti mövcud vəziyyəti araşdırıb. Məlum olub ki, üç mənzil tamamilə yanaraq sıradan çıxıb. Həmin mənzillərin sahibləri isə öhdələrində əlil, yaşlı, xəstə və azyaşlı uşaqlar olan aztəminatlı, imkansız şəxslərdir. Yanğın baş verən vaxtdan bu günə qədər mənzilləri yanmış sakinlər yaşamaq üçün evləri olmadığından qohum evinə sığınıb, kirayə mənzillərdə qalıblar. Bu cür vəziyyət isə uzun müddət davam etməklə həmin insanlara həm maddi, həm də mənəvi çətinliklər yaradıb.
Yasamal Rayon İcra Hakimiyyəti həmin hadisədən sonra yaranmış mövcud vəziyyəti, mənzilləri yanmış sakinlərin aztəminatlı, imkansız, çətin vəziyyətdə olduqlarını nəzərə alaraq qərara gəlib ki, sözügedən üçmərtəbəli yaşayış binası rayon icra hakimiyyətinin daxili imkanları hesabına təmir olunaraq yenidən sakinlərin istifadəsinə verilsin. Bu gündən başlanan təmir işlərinin yaxın müddət ərzində bitməsi nəzərdə tutulur.
Qeyd edək ki, yanğın baş verən zaman üçmərtəbəli yaşayış binasının tavanı, döşəməsi, qapısı, pəncərəsi, pilləkən və keçid meydançası, dam örtüyü, ümumiyyətlə, taxta konstruksiyadan olan bütün elementlər yanaraq sıradan çıxıb.
Evləri yanmış mənzillərin sakinləri - Sevda Rəhimova, Leyla Cəfərova, Esmira İsayeva və Raisa Abutalepova bu ağır vəziyyətlərində onlara göstərilən köməyə, yanmış mənzillərinin bərpa olunaraq istifadələrinə veriləcəyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.