REGİONLAR
İsmayıl Orucov: Keçən il fındıq qeyri-neft sektoru üzrə ən böyük ixrac məhsulu olub
Bakı, 21 aprel, AZƏRTAC
İxracın şaxələndirilməsi, o cümlədən qeyri-neft sektorunun inkişafı ölkənin iqtisadi potensialının artırılmasında mühüm şərtdir. Dövlətimizin başçısının bu istiqamətdə verdiyi tapşırıqlar, istehsalçılara dəstək mexanizmləri qeyri-neft sektorunun aparıcı istiqamətlərindən olan kənd təsərrüfatının, xüsusilə onun ənənəvi sahələrinin inkişafı üçün stimula çevrilib. Fındıqçılıq da belə ənənəvi sahələrdəndir. Bu sahənin böyük ixrac potensialına malik olması respublikamızda Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılmasını şərtləndirib. Keçən ilin oktyabrında yaradılan Assosiasiyanın əsas məqsədi ölkəmizdə fındıqçılığın inkişafına, eləcə də ixrac potensialının genişləndirilməsinə kömək göstərməkdir.
Fındığın istehsalını da, ixracını da iki dəfə artırmaq mümkündür
Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov AZƏRTAC-a müsahibəsində bildirib ki, fındıqçılığın inkişafı həm insanların məşğulluğunun təmin olunmasında, həm də gəlirlərinin artmasında mühüm rol oynaya bilər. Prezident İlham Əliyev aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində bu məsələyə ətraflı toxundu. Fındıqçılığın çox sürətlə inkişaf etdiyini deyən dövlətimizin başçısı bildirdi ki, ötən il ölkəmizə ən çox valyuta gətirən məhsulların sırasında fındıq birinci yerdə olub. Bu məhsulun ixracından respublikamıza 105 milyon dollar valyuta gəlib. Prezidentin qeyd etdiyi kimi, hazırda əsasən 19 rayonda fındıq yetişdirilsə də, 46 rayonda belə potensial var. Ölkəmizdə fındığın istehsalını da, ixracını da iki dəfə artırmaq mümkündür. Bu sahədən əldə olunan gəliri asanlıqla 200 milyona çatdıra bilərik.
Prezident İlham Əliyev ötən il dövlət tərəfindən fındıq pöhrələrinin alınaraq fermerlərə pulsuz verilməsi barədə Sərəncam imzalayıb. Bununla yanaşı, fındıq istehsalçılarına 10 milyon manat məbləğində güzəştli kreditlər ayrılıb. Hazırda ölkəmizdə 50 min hektardan çox fındıq bağları mövcuddur. 2016-cı ildə yeni bağlar salınıb və bu iş davam edir. Cari ilin ilk üç ayında Assosiasiya tərəfindən 62 min fındıq tingi yetişdirilərək, yeni təcrübə stansiyası yaradılıb.
Bu il fındıqçılıqda 50 faizlik artım gözlənilir
Hava şəraitinin fındıqçılıq üçün əlverişli olmasını və yeni aqrotexniki qaydaların tətbiqini nəzərə alaraq, bu il 60 min tonadək məhsulun yığılmasını, keçən illə müqayisədə təqribən 50 faizlik artım gözlənildiyini vurğulayan İ.Orucov deyib: “Azərbaycan dünyada dördüncü fındıq ixracatçısıdır. Keçən il fındıq qeyri-neft sektoru üzrə ən böyük ixrac məhsulu olub. Belə ki, ölkəmizdən 105 milyon ABŞ dolları məbləğində fındıq ixrac olunub. Bu ilin ilk üç ayında isə 20 milyon dollar dəyərində fındıq ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisə etsək, 3 faizlik artıma nail olmuşuq. İlin sonunadək fındıq ixracında böyük həcmdə artım gözləyirik”.
Assosiasiya sədri qeyd edib ki, bu sahədə dövlət dəstəyi ilə keçirilən təşviq tədbirlərinin rolu böyükdür. Belə ki, qurum İqtisadiyyat Nazirliyi və AZPROMO ilə əməkdaşlıq edərək yeni dəstək mexanizmlərindən, xüsusilə ixrac təşviqi və “Made in Azerbaijan” brendinin tanıdılması ilə bağlı tədbirlərdən geniş yararlanır. Assosiasiya cari ildə Almaniya və Ukraynaya ixrac missiyalarında, o cümlədən Almaniyada “Yaşıl həftə” və Dubay şəhərində “Gulfood” sərgilərində iştirak edib, yeni bazarlarda müştərilər tapıb. Hazırda onlarla intensiv danışıqlar aparılır.
İsmayıl Orucov deyib ki, əlbəttə, keyfiyyət göstəriciləri ilə yanaşı, məhsulun qiymət baxımından rəqabətqabiliyyətliyi də önəmlidir. Assosiasiya tərəfindən vergi qanunvericiliyinin təkmilləşdirilməsi və ixracın rəsmiləşdirilməsi prosedurları istiqamətində aidiyyəti qurumlarla birgə iş aparılır. Eyni zamanda, fındıq məhsulları üçün yeni bazarlar araşdırılır, idxalçı və alıcılarla əlaqələr qurulur. Azərbaycana məxsus və dünyada ən keyfiyyətli fındıq növlərindən olan “Ata-baba” sortu xarici müştərilər arasında təbliğ edilir.