CƏMİYYƏT


BMT Təhlükəsizlik Şurası Qətnaməsinin Milli Fəaliyyət Planının hazırlanması ilə əlaqədar təlimlər keçirilib

Bakı, 21 aprel, AZƏRTAC

Hökumət Evində BMT-nin Təhlükəsizlik Şurasının qadın, sülh və təhlükəsizlik məsələlərinə dair 1325 saylı Qətnaməsinin ölkəmiz üçün Milli Fəaliyyət Planının hazırlanması üzrə İşçi qrupu üzvlərinə təlimlər keçirilib. İki gün davam edən təlimlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyəti, “Gender Port” beynəlxalq təşkilatı və Böyük Britaniya hökumətinin təşkilatçılığı ilə keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, təlimin birinci günü Gürcüstandan olan ekspertlər Yelena Rusetskaya və Mamuka Gaçeçiladze BMT-nin həmin Qətnaməsinin icrası ilə əlaqədar Qlobal təhlilin nəticələri, öz ölkələrində Milli Fəaliyyət Planının hazırlanma mexanizmləri və icrası barədə danışıblar. Beynəlxalq ekspert, CEDAW (Qadınlara qarşı ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılması üzrə BMT Konvensiyası) Komitəsinin üzvü Pramila Patten “Milli Fəaliyyət Planının hazırlanması üçün 5 əsas sütun” mövzusunda çıxış edərək əsas prinsiplər, indikatorlar və digər məsələlər barədə ətraflı və dolğun məlumatlar verib.

Təlimin ikinci günü Milli Fəaliyyət Planının səmərəli hazırlanması, icrası, monitorinq və qiymətləndirilməsi prosesində vətəndaş cəmiyyətinin rolu haqqında məlumatlar İşçi qrupu üzvlərinin diqqətinə çatdırılıb.

Müzakirələr formatında keçən təlimin sonunda qrup çalışmaları və gələcək planlarla bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, beynəlxalq ekspertlər tərəfindən məişət zorakılığı ilə mübarizə sahəsində toplanmış məlumatlar təhlil olunaraq Milli Əlaqələndirmə Şurasının yaradılması və Milli Fəaliyyət Planının hazırlanması prosesində tövsiyələr şəklində hökumətə təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.