SİYASƏT


Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri keçiriləcək VİDEO

Bakı, 21 aprel, AZƏRTAC 

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən 5-dək hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərdə iştirak edəcək Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin hərbi hava bazalarından birində təntənəli qarşılanma mərasimi keçirilib.

Türkiyəli hərbi qulluqçuları hərbi birliyin zabiti polkovnik Münasib Babayev və Türkiyənin ölkəmizdəki hərbi attaşesi briqada generalı Zafer Ocak qarşılayıb. Hərbi orkestr dövlət himnləri səsləndirdikdən sonra Türkiyə hərbi qulluqçuları təlim dövründə yerləşəcəkləri “N” nömrəli hərbi hissəyə yola düşüblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Türkiyə nümayəndə heyətinin rəhbəri polkovnik Hakan Açıkgöz birgə təlimlərin vacibliyini vurğulayaraq qeyd edib ki, keçirilən təlimlərdə qazanılan təcrübə hər iki ölkənin gələcək əməliyyat planlarına müsbət təsirini göstərəcək.

Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

Birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək.

Təlimlərə hazırlıq dövründə türkiyəli hərbçilər üçün bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.