ELM VƏ TƏHSİL


Palçıq vulkanları - dünya möcüzəsi

Bakı, 21 aprel, AZƏRTAC

Aprelin 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Palçıq vulkanları - dünya möcüzəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, bu qurumun “Ekoloji maarifləndirmə” proqramı əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi və AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilati və informasiya dəstəyi ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindəki “Daşgil” palçıq vulkanı sahəsi ilə tanış olublar.

Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbinin tələbələri və KİV nümayəndələrinin qatıldıqları ekskursiya zamanı AMEA-nın Geologiya və Geofizika İnstitutunun palçıq vulkanizmi şöbəsinin rəhbəri, professor Adil Əliyev palçıq vulkanları ilə bağlı geniş məlumat verib.

Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, əhalinin ekoloji maarifləndirilməsinə töhfə verən tədbirin məhz Qaradağ rayonunda keçirilməsi sevindirici haldır. Azərbaycanın nadir sərvəti sayılan palçıq vulkanlarının öyrənilməsinin vacibliyini vurğulayan S.Mikayılov alimlərin konfransda səsləndirəcəkləri fikirlərin hər kəs üçün əhəmiyyətli olacağına əminliyini bildirib.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev təmsil etdiyi qurumun həyata keçirdiyi layihələr barədə məlumat verib, ölkəmizdə xüsusən ekoloji maarifləndirmə sahəsində görülən işlərdən danışıb, dövlətimizin başçısının müvafiq istiqamətdə imzaladığı sənədləri xatırladıb.

Professor A.Əliyev “Azərbaycan palçıq vulkanları diyarıdır” mövzusunda çıxış edib, ölkəmizdə 350-dən artıq palçıq vulkanın qeydə alındığını diqqətə çatdırıb. Qeyd edilib ki, sayı, tərkibi, aktiv fəaliyyətinə görə Azərbaycandakı palçıq vulkanlarının dünyada analoqu yoxdur. Bunlardan Lökbatan vulkanları iki ildə 24 dəfə püskürməklə rekord nəticə verib.

“Vulkan palçıqlarının müalicəvi əhəmiyyəti və klinik təbabətdə tətbiqi” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, professor Əlişir Musayev bu təbii sərvətin müsbət cəhətindən söz açıb. Vurğulanıb ki, vulkan palçıqlarından qənaətbəxş səviyyədə istifadə edə bilmirik. Ölü dənizdən götürülən maddələrdən hazırlanan dərmanları xaricdən alırıq, amma ərazimizdə olan palçıqlara biganəlik göstəririk. Vulkan palçıqlarının müalicəvi əhəmiyyətini diqqətə çatdıran professor onun həm sağlamlığa, həm də iqtisadi inkişafa dəstək baxımından Ələt ərazisində kurortların salınmasını təklif edib.

Mədəniyyət və Turizm Nazirliyinin regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənov “Azərbaycan palçıq vulkanlarının turizm perspektivləri” mövzusunda çıxış edib, palçıq vulkanlarının turizm sektoruna verə biləcəyi faydalardan danışıb. Bildirilib ki, ölkəmizdəki vulkan ərazilərinin quruluşu Mars planetinə bənzədiyindən cəlbediciliyinə görə, ilk iyirmiliyə düşüb. Bununla yanaşı, güclü müalicəvi təsirlərə malik olması ekoturistlərin diqqətini cəlb edir.

“Bakı və Abşeron Palçıq vulkanları Dövlət-Təbiət Qoruğunun mühafizəsinin aktuallığı aspektləri” mövzusunda çıxış edən Bakı və Abşeron Palçıq vulkanları Dövlət -Təbiət Qoruğunun müdiri Ceyhun Paşayev qoruğun yaradılması və idarə olunmasının mexanizmləri barədə məlumat verib. Qeyd edilib ki, palçıq vulkanlarının təbii komponentlərinin ciddi qorunması məqsədilə yaradılan qoruq bir müddət sonra milli park kimi fəaliyyət göstərə biləcək.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş mühəndisi, fəlsəfə elmləri doktoru Rauf Muradov deyib ki, palçıq vulkanları zamanı əmələ gələn materiallardan neft sənayesi, təmir-tikinti, şərabçılıq, quşçuluq, heyvandarlıq sahəsində istifadə etməklə böyük nailiyyətlər əldə oluna bilər.

Sonda tələbələr adından danışan BDU-nun magistrantı Arzu Bağırlı konfransın təşkilatçılarına minnətdarlığını bildirib, həmyaşıdlarını palçıq vulkanlarının dərindən öyrənilməsi və tətbiqi istiqamətində səy göstərməyə çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.