ELM VƏ TƏHSİL
“Açıq qapı” günündə abituriyentlər Azərbaycan Memarlıq və İnşaat Universiteti barədə məlumatlandırılıblar
Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) I, II və V qruplara aid ixtisaslara qəbul olunmaq istəyən abituriyentlər üçün “Açıq qapı” günü keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildiriblər ki, universitetlə tanışlıq xarakteri daşıyan tədbirdə abituriyentlərə ixtisaslar, tədris prosesi, tələbə həyatı və s. barədə məlumat verilib.
Universitetin yaranma tarixi, fəaliyyəti barədə geniş məlumat verən AzMİU-nun tədris işləri üzrə prorektoru Akif Qasımov vurğulayıb ki, 1975-ci ildə ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılıb. 2000-ci ildə isə bu ali təhsil ocağı Ulu Öndərin imzaladığı müvafiq Fərmanla universitet statusu qazanıb. Bildirilib ki, AzMİU bu günədək 50 mindən artıq ali təhsilli kadr hazırlayıb. Hazırda universitetdə səkkiz fakültədə yeddi minədək tələbə Azərbaycan, rus və ingilis dillərində təhsil alır. Onlardan 700-ü xarici ölkə vətəndaşıdır. AzMİU bu və ya digər proqramlar çərçivəsində 80-dək xarici ölkənin ali təhsil ocaqları ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq ikili diplom proqramı, əməkdaşlıq müqavilələri, birgə mübadilə proqramları və digər beynəlxalq layihələr əsasında həyata keçirilir. Eyni zamanda, universitet 2012-ci ildən “Erasmus Mundus” layihələrinə, 2013-cü ildən isə Türkiyənin Mövlanə Mübadilə Proqramına qoşulub. Bu layihələr çərçivəsində AzMİU-nun 100-dən çox tələbəsi və müəllimi mübadilə proqramlarında iştirak edib.
A.Qasımov diqqətə çatdırıb ki, universitetdə tədris olunan ixtisaslar aktuallığını heç vaxt itirməyəcək. Bu gün müasirləşən ölkəmizin AzMİU-nun kadrlarına olan ehtiyacı gündən-günə artırır. Məqsədimiz savadlı, bilikli, özünəgüvənən, dünyada rəqabətə davam gətirə bilən, müstəqil fikirli, öz dəsti-xətti ilə seçilən kadrlar yetişdirməkdir. Burada tələbələrimiz təkcə təhsil almır, eyni zamanda, sevdikləri yaradıcı işlə məşğul olurlar. Onlara öz bacarıqlarını reallaşdırmaq üçün şərait yaradılır. Prorektor deyib: “AzMİU-nu seçməklə siz həm də şəffaf, demokratik mühitdə təhsil alacaqsınız, zəruri texniki avadanlıqla təchiz olunmuş ixtisas laboratoriyalarında, birbaşa inşaat meydançalarında iş prosesi ilə tanış olacaqsınız. Həmçinin müasir təcrübəyə malik böyük şirkətlərdə, tanınmış mütəxəssislərlə təmasda olacaq, yeni bilgilərə yiyələnəcək, işgüzar əlaqələr qurmaq imkanı qazanacaqsınız”.
AzMİU-ya yüksək balla daxil olan gənclər universitetdə yaradılan şəffaf mühitdən, obyektivlikdən, tələbə-müəllim münasibətlərindən danışıb, bu ali təhsil ocağının tələbəsi adını daşımaqdan qürur duyduqlarını bildiriblər.
Sonda abituriyentlər və onların valideynləri universitetlə tanış olublar.