CƏMİYYƏT
Faşizm üzərində Qələbənin 72 illiyi ərəfəsində İkinci Dünya müharibəsi veteranları ilə görüş olub
Bakı, 27 aprel, AZƏRTAC
Aprelin 27-də Respublika Veteranlar Təşkilatında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun bir qrup İkinci Dünya müharibəsi veteranları ilə görüşü keçirilib.
Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 72-ci ildönümü ərəfəsində belə görüşlərin əhəmiyyətini yüksək qiymətləndirib.
Qeyd edilib ki, Respublika Veteranlar Təşkilatının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqələrinin çoxillik tarixi və xüsusi əhəmiyyəti vardır. Hələ keçmiş SSRİ dövründə təməli qoyulmuş bu qarşılıqlı fəaliyyət hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir. İkinci Dünya müharibəsi iştirakçıları ilə bağlı fəaliyyət, eləcə də gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmaları, hərbi xidmətə hazırlanmaları istiqamətlərində müvafiq tədbirlərin keçirilməsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti daim Təşkilatın fəaliyyətinə dəstək olub. Bugünkü görüşün keçirilməsi də qeyd olunanlara əyani sübutdur.
Alman faşizmi üzərində qələbənin 72-ci ildönümü münasibətilə veteranları təbrik edən Arzu Rəhimov onlara möhkəm cansağlığı, gənc nəslin azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyəsində uğurlar arzulayıb. Respublika Veteranlar Təşkilatının gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmaları, hərbi xidmətə hazırlanmaları istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirən A.Rəhimov bu işin torpaqlarımızın 20 faizinin Ermənistan hərbi birləşmələrinin işğalı altında olduğu vaxtda xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Hazırda Azərbaycanda İkinci Dünya müharibəsi veteranlarına dövlət tərəfindən, xüsusilə Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərildiyini qeyd edən Xidmət rəisi bugünkü görüşün məqsədinin də məhz bu olduğunu bildirib.
A.Rəhimov İkinci Dünya müharibəsində Azərbaycanın cəbhəyə verdiyi əvəzsiz töhfələrdən və Azərbaycan Ordusunun aprel döyüşlərində göstərdiyi şücaətlərdən danışıb.
Sonra İkinci Dünya müharibəsi veteranlarına Dövlət Xidmətinin hədiyyələrini təqdim edərək onlarla hər görüşün əlamətdar hadisə kimi yadda qaldığını vurğulayıb.
Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova Azərbaycan dövlətinin veteranlara göstərdiyi qayğıya və general-leytenant Arzu Rəhimovun onlarla görüşə gəldiyinə görə veteranlar adından təşəkkürlərini çatdırıb.