İDMAN
“Bakı Marafonu-2017”nin qalibləri mükafatlandırılıb
Bakı, 30 aprel, AZƏRTAC
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu-2017”nin kişi və qadın kateqoriyaları üzrə qaliblərinin mükafatlandırma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, mükafatlandırma mərasimi Bakı Olimpiya Stadionunda keçirilib. Kişi və qadın kateqoriyalarının hər birində ilk yerin sahibi 3 min, ikinci yeri tutan 2 min, üçüncü yerə çıxan isə min manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, kişilər arasında Türkiyə vətəndaşları Veysi Aslan I, Üzeyir Söyləməz II, rusiyalı Vladislav Demyanov isə III yerə sahib çıxıb. Qadınların arasında isə Türkiyə vətəndaşı Yayla Kılıç, ukraynalı Valentina Poltavska və iranlı Parisa Arab müvafiq olaraq I-III yerləri tutublar.
Həmçinin kişi və qadın kateqoriyasının hər biri üzrə dördüncü, beşinci yerləri tutan şəxslərə Avropa daxilində istədikləri ölkəyə ikinəfərlik səyahət bileti hədiyyə olunub. Altıncı, yeddinci və səkkizinci yerlərin sahiblərinə “Bakı Marafonu-2017”nin sponsorları tərəfindən müxtəlif hədiyyələr, doqquzuncu və onuncu yerləri tutanlara isə hədiyyə kuponları verilib.