ELM VƏ TƏHSİL
105 YAŞLI MƏKTƏBİN YENİ TƏDRİS KORPUSU
Sabunçudakı 67 nömrəli məktəbin binası hələ 1897-ci ildə Nobel qardaşları tərəfindən tikilmişdir. İndi isə məktəbdə yeni tədris korpusu istifadəyə verilmişdir. Müasir tələblərə uyğun 18 sinif otağından ibarət korpus Amerika Birləşmiş Ştatlarının SCİEF İnternəşnl təşkilatının və “Sabunçu Elm-İstehsalat Birliyi” Səhmdar Cəmiyyətinin maliyyə dəstəyi ilə inşa olunmuşdur.
Yeni korpusun istifadəyə verilməsi münasibəti ilə keçirilən mərasimdə məktəbin direktoru İradə Bayramova şagirdlərə yaratdıqları gözəl şəraitə görə bu xeyirxah işdə əməyi olanların hamısına təşəkkür etmişdir.
Milli Məclisin deputatı Səlahəddin Xəlilov, SCİEF təşkilatının nümayəndələri korpusun istifadəyə verilməsinin təhsilin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərəcəyini vurğulamış, məktəbin kollektivinə xoş arzularını bildirmişlər. Şagirdlər doğma Vətənə həsr olunmuş mahnılar oxumuş, şerlər söyləmişlər.
Sonra mərasim iştirakçıları geniş, yaraşıqlı və işıqlı sinif otaqları ilə tanış olmuşlar.