İQTİSADİYYAT
Dörd ayda “Azneft” İB tərəfindən təxminən 2,4 milyon ton neft hasil edilib
Bakı, 19 may, AZƏRTAC
Bu ilin ilk dörd ayında “Azneft” İstehsalat Birliyinin (İB) sifarişi əsasında 19 quyu qazılaraq istismara verilib.
Birlikdən AZƏRTAC-a bildirilib ki, "Azneft" tərəfindən iqtisadi göstəricilərin yüksəldilməsi, hasilatın təmin edilməsi, yeni texnologiyaların mənimsənilməsi istiqamətində mühüm işlər görülüb. İB 2017-ci ilin yanvar-aprel ayları üçün qarşıya qoyulmuş neft və qaz hasilatı planını yerinə yetirib. Eyni zamanda, “Azneft”in kollektivinin həyata keçirdiyi texniki-geoloji tədbirlər nəticəsində istismar olunan quyulardan əlavə neft-qaz çıxarılıb.
İlin dörd ayı ərzində “Azneft” İstehsalat Birliyi tərəfindən 2 milyon 39,9 min ton neft hasil edilib. Cari ilin ötən dörd ayı ərzində 1 milyard 693 milyon 136 min kubmetr qaz hasil olunub.
Yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi ötən dörd ay da uğurla davam etdirilib. Belə ki, ötən dörd ay ərzində “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında 19 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 10 min 573 ton əlavə neft hasil edilib.
Ötən dörd ayda fəaliyyətsiz quyu fondundan 19 quyu planlaşdırıldığı halda, faktiki olaraq 39 quyu istismara qaytarılıb. Bu quyulardan 10 min 385 ton neft alınıb.
Bu nailiyyətlərin əldə olunmasında mühüm amillərdən biri də fəaliyyətdə olan işlək quyu fondundan optimal rejimləri seçməklə istifadə edilməsi və səmərəli texniki-geoloji tədbirlərin aparılması olub. Belə ki, cari ilin əvvəlindən 209 geoloji tədbir keçirilib, nəticədə 44 min 900 ton neft hasil edilib ki, bu da plana qarşı 42 tədbir çox və 17 min 770 ton çox neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə 13 min 274 ton plana qarşı 17 min 225 ton neft hasil edilib.