MƏDƏNİYYƏT


Görkəmli bəstəkar Aqşin Əlizadənin anadan olmasının 80 illiyi qeyd olunub

Bakı, 19 may, AZƏRTAC

Mayın 22-də görkəmli bəstəkar, ictimai xadim, Xalq Artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli, professor Aqşin Əlizadənin anadan olmasının 80 ili tamam olur.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə mayın 19-da Azərbaycan Dövlət Filarmoniyasında bəstəkarın 80 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Gecədə Əməkdar İncəsənət Xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Cəlal Abbasov çıxış edərək bəstəkarın bənzərsiz yaradıcılığından söz açıb.

Bildirilib ki, əmək fəaliyyətinə 1963-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlayan Aqşin Əlizadə 1972-ci ilədək burada bəstəkarlıq kafedrasında işləyib. O, 1979–1985-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi, 1985–1990-cı illərdə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi vəzifələrini tutub. Aqşin Əlizadə 1991–1994-cü illərdə Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər olub. O, 2007-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının VIII qurultayında İdarə Heyətinin katibi seçilərək, 2012-ci ilədək həmin vəzifədə çalışıb.

Böyük bəstəkar Aqşin Əlizadə Azərbaycan xalqının çoxəsrlik musiqi ənənələrinə dərin bağlılığı ilə səciyyələnən və dünya musiqi incəsənəti xəzinəsindən ustalıqla bəhrələnən sənəti ilə milli mədəniyyət salnaməsinə parlaq səhifələr yazıb. Onun özünəməxsus fərdi xüsusiyyətlərə malik yaradıcılığı Azərbaycanda müasir bəstəkarlıq məktəbinin inkişafında yeni mərhələnin başlanğıcı ilə bir dövrə təsadüf edir. Fitri istedadı hələ tələbə ikən, 1960-cı illərin əvvəllərindən etibarən özünü büruzə verən Aqşin Əlizadə yarım əsrə yaxın bir müddət ərzində çox sayda dəyərli əsərlər meydana gətirib. Sənətkarın ən müxtəlif musiqi janrlarını əhatə edən yaradıcılıq palitrası olduqca zəngin və rəngarəngdir. Bəstələdiyi balet, kantata və simfoniyaları, kamera orkestri, xor və simfonik orkestr üçün əsərləri Aqşin Əlizadəyə geniş şöhrət qazandırıb. O, ilk milli qəhrəmanlıq baleti “Babək” və müşayiətsiz xor üçün “Bayatılar” silsiləsi ilə Azərbaycan musiqisi tarixinə yeni janrlar gətirib. Bəstəkarın yaradıcılığında kinofilmlər və tamaşalar üçün yazdığı musiqilər və mahnılar da xüsusi yer tutur.

Aqşin Əlizadə ayrı-ayrı illərdə ali məktəblərdə müəllimlik edərək gənc musiqiçilər nəslinin yetişdirilməsi və peşəkar musiqiçi kadrların hazırlanması işində əhəmiyyətli rol oynayıb.

Qeyd edilib ki, Aqşin Əlizadə daim axtarışda olan, yaradıcılıq üfüqlərini genişləndirən, sənətkarlığını kamilləşdirməyə can atan narahat qəlbli bəstəkarlardan olub. Onun musiqi üslubu zaman keçdikcə cilalanır, yeni təmayüllərin və həyat təcrübəsinin təsiri ilə yeniləşir. Aqşin Əlizadə vətəninin, doğma torpağının nəğməkarı idi. Onun əsərləri Azərbaycan xalqının qəhrəmanlıq tarixinin səhifələrini canlandırır, füsunkar vətən təbiətini vəsf edir, sadə, qonaqpərvər, məğrur insanlardan söhbət açır. Kamera orkestri üçün şux, oynaq “Aşıqsayağı”, odlu nəfəsli “Cəngi”, fortepiano üçün yazılmış müdrik düşüncəli “Dastan”, əziz xatirə səhifəsi olan “Qoca xanəndə”, orqan pyesi, xor üçün xalq poeziyasının gözəlliyini tərənnüm edən “Bayatılar” silsiləsi, vətənə sonsuz sevgi və vurğunluq hissi ilə aşılanmış “Kənd süitası”, musiqisində ağrılı-acılı keçmişimizin, mübarizəmizin nəfəsini duyduğumuz Üçüncü, Dördüncü, Beşinci simfoniyalar bu qəbildəndir.

Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında bəstəkarın əsərləri səsləndirilib. Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq Artisti Rauf Abdullayevdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.