İDMAN


Azərbaycan idmançıları Tbilisidə keçirilən Avropa çempionatında ikisi qızıl olmaqla 6 medal qazanıblar

Tbilisi, 19 may, AZƏRTAC

Tbilisidə idmanın uşu növü üzrə Avropa çempionatı keçirilir.

Azərbaycan idmançıları bu çempionatda ikisi qızıl olmaqla 6 medal qazanıblar.

Ölkəmizə ilk qızıl medalı 80 kiloqram çəkidə böyüklər arasında mübarizə aparan Ağahüseyn Vəliyev qazandırıb. O, Rusiya və Ukraynadan olan idmançıları məğlub edərək finala yüksəlib. Finalda A.Vəliyev Türkiyə idmançısı ilə qarşılaşıb. Bu mərhələni də uğurla başa vuran idmançımız ilk qızıl medalı qazanıb.

Böyüklər arasında mübarizə aparan Mail Rüstəmov (56 kq) Xorvatiya, Moldova və Polşadan olan idmançıları məğlub etsə də, finalda Rusiyadan olan idmançıya uduzaraq gümüş medala sahib olub.

Füzuli Vəliyev (+90 kq) Gürcüstan və Çexiyadan olan idmançıları mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Finalda o, Latviyadan olan idmançıya məğlub olaraq gümüş medal qazanıb.

Gənclər arasında mübarizə aparan idmançımız Rasim İsmayılov (48 kq) Gürcüstan və Rusiyadan olan idmançıları məğlub edərək finala çıxıb. Gərgin mübarizə şəraitində keçən finalda Rasim İsmayılov Belarus idmançısını məğlub edərək qızıl medala sahib olub.

Gənc idmançılarımızdan Emin Abbasov (56 kq) və Riyad Həsənov (65 kq) çempionatın bürünc medallarına sahib olublar.

Ağahüseyn Vəliyev jurnalistlərə müsahibəsində deyib: “Mən bu qələbəmi IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan dostlarıma həsr edirəm. İnanıram ki, biz öz bacarığımız və mübarizəmiz sayəsində ölkəmizin nüfuzunu daha da artıracağıq”.

Komandanın böyük məşqçisi Rəşad İsmayılov deyib ki, bu gün Azərbaycanda idman yüksək sürətlə inkişaf edir. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana qayğısının nəticəsidir ki, idmançılarımızın beynəlxalq yarışlarda medallar qazanması ənənəvi hal alıb. Buna görə dövlətimizin başçısına və Azərbaycan Uşu Federasiyasının rəhbərliyinə minnətdaram. Onun sözlərinə görə, bu yarışda qalib gələn idmançılarımız sentyabrda keçiriləcək dünya çempionatına vəsiqə də əldə ediblər.

Məşqçi Yaqub İbrahimov isə bildirib ki, çempionatda 31 ölkə iştirak edir. Azərbaycan bu çempionata 6 idmançı ilə gəlib. Onların da hamısı ölkəmizə medalla qayıdırlar. Bu bizim dövlətimizin idmana olan qayğısının bariz nümunəsidir.

Gümüş medalçı Mail Rüstəmov da qələbə sevincini bölüşüb: “Çox gərgin görüşlərimiz oldu. Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçirilir. Orada da idmançı yoldaşlarımız medallar qazanırlar. Biz də bu çempionatdan medallarla qayıtmağı qarşımıza məqsəd qoymuşduq. Ona da nail olduq. Bu münasibətlə məşqçilərimə minnətdaram və bütün yoldaşlarımı təbrik edirəm”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.