CƏMİYYƏT
Son illər ölkəmizdə narkomaniya ilə mübarizədə polisin rolu artıb
Paytaxtın Nərimanov rayonundakı Respublika Humanitar Fənlər Gimnaziyasında rayon polis idarəsinin təşkilatçılığı ilə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə rayon polis idarəsinin rəisi, polis polkovniki Nəriman İmanov, Veteranlar Şurasının sədri Paşa Kərimov və idarənin məsul əməkdaşı, polis mayoru Rüstəm Rüstəmov mövzu ilə bağlı çıxış ediblər.
Ailədə pis vərdişlərə, narkomaniyaya düçar olmuşların vaxtında aşkarlanması və ya əvvəlcədən qarşısının alınması məqsədi daşıyan tədbirdə ailə, məktəb və polis vəhdətinin təkcə “ağ ölüm”lə mübarizədə deyil, şagirdlərin, yeniyetmələrin sağlam, savadlı, vətənpərvər böyüməsinə də təkan verən amil olduğu qeyd edilib.
Tədbir iştirakçıları son illər ölkəmizdə narkomaniya ilə mübarizədə polisin rolunun əhəmiyyətindən danışıblar. Bildirilib ki, dərsə davamiyyəti zəif və çətin tərbiyə olunan şagirdlərin nizam-intizama dəvət edilməsində polisin fəaliyyətinin böyük rolu var. Gündən-günə qloballaşan narkomaniya adlı bəla, cinayətkar əməllərin çoxalmasına, kriminogen durumun dəyişməsinə səbəb olur.
Qeyd edilib ki, belə maarifləndirmə tədbirləri ictimaiyyət tərəfindən bəyənilir və təqdir olunur. Bundan sonra belə tədbirlərin keçirilməsinin qarşıda duran ən ümdə vəzifələrdən biri olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.