REGİONLAR
Naxçıvanda bioloji təbabətin aktual problemləri müzakirə olunub
Naxçıvan, 23 may, AZƏRTAC
Bioloji təbabət orqanizmin özünüidarə və müdafiə sistemlərinin pozulmuş funksiyalarını bərpa edən, baş verən həmin xəstəliklərin səbəblərinin aradan qaldırılmasına yönələn müasir müalicə metodudur.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında “Bioloji təbabətin aktual problemləri” mövzusunda keçirilən elmi-praktik seminarda səsləndirilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Bakı şəhərində fəaliyyət göstərən “Bioloji təbabət” klinikası, Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən seminarda Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-pediatrı, Azərbaycan Respublikasının Əməkdar Həkimi İbrahim Ağayev çıxış edərək bildirib ki, səhiyyə sisteminin günün tələblərinə uyğunlaşdırılması, müasir tibb infrastrukturunun yaradılması muxtar respublikada həyata keçirilən sosial islahatların tərkib hissəsidir. Bunun nəticəsidir ki, istər Naxçıvan şəhərində, istərsə də ən ucqar dağ kəndlərində əhaliyə nümunəvi tibbi xidmət göstərilir. Tibb müəssisələri üçün yeni binalar tikilir, səhiyyə ocaqları müasir avadanlıqlarla təchiz edilir. Həmçinin həkimlərin peşə vərdişlərinin artırılması məqsədilə seminar və konfransların keçirilməsi diqqət mərkəzində saxlanılır. Keçirilən növbəti seminar da həmin tədbirlərin davamıdır.
Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyətinin prezidenti, tibb üzrə elmlər doktoru, professor Fikriyyə İbrahimova çıxış edərək, müasir səhiyyə sistemində bioloji təbabətin artan rolundan danışıb. Bildirib ki, 2009-cu ildən fəaliyyət göstərən “Bioloji təbabət” klinikası ölkəmizdə bioloji üsullarla müalicənin tətbiqini qarşısına məqsəd qoyub. Bu müalicədə yalnız təbii tərkibli dərman preparatlarından istifadə olunur, müalicə zamanı digər orqan və sistemlər zədələnmir.
Tədbirdə “Selikli qişaların zədələnmə sindromu”, “Bioloji təbabətdə qocalığın profilaktikası və terapiyası” mövzularında mühazirələr dinlənilib, slaydlar nümayiş olunub. Naxçıvan şəhəri, Babək, Culfa və Şahbuz rayon səhiyyə müəssisələri həkimlərinin iştirak etdikləri tədbirdə dinləyicilərin sualları cavablandırılıb, onlara bukletlər paylanıb.