İQTİSADİYYAT
İtaliya mətbuatında TAP boru kəmərinin təməlinin qoyulmasının bir illiyinə həsr olunmuş məqalə dərc olunub
Roma, 23 may, AZƏRTAC
İtaliyanın “Marketinsight.it” xəbər portalında İtaliyanın "Snam" təbii qaz şirkəti ilə Trans-Adriatik Qaz Boru Kəməri (TAP) konsorsiumunun həyata keçirdiyi TAP boru kəmərinin təməlinin qoyulmasının bir illiyinə həsr olunmuş “Tikintinin başlanılmasından keçən bir il” adlı məqalə dərc olunub.
Məqalədə bir il əvvəl Avropanın strateji enerji infrastrukturlarından biri olan TAP-ın tikintisinin başlanıldığı, layihənin tikinti işlərinin üç ölkədə - Yunanıstan, Albaniya və İtaliyada büdcəyə uyğun aparıldığı qeyd olunur.
Yazıda bildirilir ki, bir müddət sonra TAP Xəzər dənizindən, xüsusilə Azərbaycandakı nəhəng “Şahdəniz 2” yatağından Avropaya ildə 10 milyard kubmetr qaz nəql edəcək. TAP-ın təxminən 878 kilometr uzunluğunda olması, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) boru kəmərini türk-yunan sərhədinə bağlayacağı, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın Apuliya sahillərinə qədər uzanacağı qeyd edilir.
TAP Bolqarıstan, Albaniya, Bosniya-Hersoqovina, Çernoqoriya, Xorvatiya və digərləri də daxil olmaqla Cənub-Şərqi Avropanın bir neçə ölkəsinə qaz təchizatını asanlaşdıra bilər. Bundan əlavə, İtaliya keçidi Xəzər dənizi qazının Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi Avropanın ən böyük enerji bazarlarına daşınması üçün böyük zəmin yaradır. Gürcüstana və Türkiyəyə ilk qaz təchizatları 2018-ci ilin sonunadək gözlənilərkən, Avropaya ilk təchizatı təxminən 2020-ci ilin əvvəllərində başlayacaq.
Müəllif hazırda layihənin təqribən 41 faizinin yerinə yetirildiyinin, bu boru kəməri ilə ilk qazın 2020-ci ildə nəql olunacağını, Avropa enerji şəbəkəsinin fəal bir hissəsi olacağını və sənayedə daha çox rəqabət və təhlükəsizlik yaradacağını yazıda diqqətə çatdırıb.
Boru kəmərinin tikintisindən istifadə olunacaq 55 min borudan 68,5 faizi artıq üç ölkədən alındığını, bundan başqa qaynaq edilmiş boruların 22,6 faizinin artıq quraşdırıldığını və podratçıların Yunanıstanda və Albaniyada marşrutun təxminən 49 faizini tamamlandığını bildirib.
TAP səhmdarlarının pay bölgüsü belədir: BP (20 faiz), “Cənub Qaz Dəhlizi” QSC (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma