ELM VƏ TƏHSİL
Tələbə və magistrlər nüfuzlu şirkətdə ödənişli təcrübə imkanı əldə edəcəklər
Bakı, 23 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin təşkilatçılığı və KPMG şirkətinin iştirakı ilə “Karyera günü” keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Karyera Mərkəzinin direktoru Fuad Əliyev KPMG şirkətinin işgüzar biznes mühitinin ayrılmaz hissəsinə çevrildiyini bildirib. O, deyib ki, yerli və beynəlxalq müştərilərə audit, vergi və məsləhət xidmətləri göstərən şirkət UNEC-lə də uğurlu əməkdaşlıq edir. Tələbə və magistrlərimiz bu nüfuzlu şirkətdə mütəmadi təcrübə keçmək imkanı əldə edirlər.
KPMG Azərbaycan nümayəndəliyinin insan resursları üzrə meneceri Nərgiz İbrahimova namizədləri şirkətdəki mövcud təcrübə proqramı və vakansiyalarla bağlı məlumatlandırıb.
Tədbir zamanı namizədlər KMPG Azərbaycan nümayəndəliyinin audit, vergi və korporativ maliyyə departamentlərində ödənişli təcrübə keçmək üçün test imtahanından (Verbal and Numerical Reasoning Test) keçiblər. İmtahanda UNEC-in maliyyə, mühasibat uçotu və audit və biznesin idarə edilməsi ixtisasları üzrə təhsil alan sonuncu kurs tələbə və magistrləri iştirak ediblər. Testlərdən və müsahibə mərhələsində müvəffəqiyyət qazanan namizədlər şirkətdə ödənişli təcrübə keçmək imkanı əldə edəcəklər.