CƏMİYYƏT
Xəzər rayonunda gənc müəllimlər arasında “Breyn-rinq” yarışı keçirilib
Bakı, 25 may, AZƏRTAC
28 May – Respublika Günü münasibətilə Xəzər rayonunun tam orta ümumtəhsil məktəblərinin gənc müəllimləri arasında “Breyn-rinq” intellektual oyunu üzrə yarış təşkil olunub.
AZƏRTAC xəbər verir ki, yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Xəzər Rayon İcra Hakimiyyətinin, rayon gənclər və idman idarəsinin, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon komitəsinin təşkilatçılığı ilə keçirilib.
Yarışın açılışında BŞGİBİ-nin rəis müavini Aydın Yusifov, Xəzər Rayon İcra Hakimiyyətinin şöbə müdiri Gülbala Qurbanov, rayon gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov çıxış edərək iştirakçılara 28 May – Respublika Günü münasibətilə təbriklərini çatdırıb, onlara uğurlar arzulayıblar.
Yarışda 326, 124 və 136 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.
Qalib komandaların üzvləri kubok, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.