SİYASƏT
28 may Qərbi Hollivud və Kaliforniyanın digər şəhərlərində “Azərbaycan Milli Günü” elan edilib
Bakı, 26 may, AZƏRTAC
Kaliforniya ştatının Qərbi Hollivud şəhəri bu ilin 28 mayını “Azərbaycan Milli Günü” elan edib. Bununla bağlı şəhər meri Con Heylman və Şəhər Şurasının üzvləri tərəfindən yekdilliklə müvafiq bəyannamə qəbul edilib.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan məlumat veriblər.
Baş konsulluğa göndərilmiş bəyannamədə Azərbaycanın 1918-ci il mayın 28-də müstəqilliyini elan edərək, demokratik respublika təsis etdiyi və İslam dünyasında ilk dünyəvi parlamentli respublika qurduğu bildirilir. Həmçinin qeyd olunur ki, bu respublika ABŞ və digər demokratik dövlətlər tərəfindən tanınıb.
Bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dini etiqadından, cinsindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara səsvermə hüququ verilib. Diqqətə çatdırılır ki, Azərbaycanda qadınlara səsvermə hüququ ABŞ-dan da bir il əvvəl verilib.
Müstəqilliyin bərpasından keçən dövr ərzində Azərbaycanın öz suverenliyini və müstəqilliyini möhkəmləndirdiyi və mühüm önəmə malik Xəzər regionunda ABŞ-ın güclü müttəfiqinə və strateji tərəfdaşına çevrildiyi vurğulanır.
Həmçinin qeyd olunur ki, ABŞ-da və dünyanın müxtəlif yerlərində yaşayan milyonlarla azərbaycanlı 28 mayı milli bayram kimi qeyd edir.
Bəyannamənin sonunda 28 may günü Qərbi Hollivud şəhərində “Azərbaycan Milli Günü” elan edilir və bütün şəhər sakinləri bu bayramı qeyd etməyə dəvət olunur.
Qeyd edək ki, Kaliforniyanın Santa Monika və Torrens şəhərlərində də 28 may “Azərbaycan Milli Günü” elan edilib. Həmçinin Los-Anceles Vilayətinin Nəzarətçilər Şurası, Los-Anceles Vilayətinin qiymətləndiricisi və Kaliforniya senatoru Ben Allen də baş konsulluğa müvafiq təbriknamələr göndəriblər.