CƏMİYYƏT
DTX-nın Mədəniyyət Mərkəzində Respublika Günü münasibətilə tədbir keçirilib
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib.
DTX-nin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə 28 May – Respublika Günü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən şahmat dərnəyinin üzvləri – DTX əməkdaşlarının uşaqları arasında ənənəvi olaraq keçirilən turnirin qaliblərinə medallar və diplomlar təqdim olunub.
Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin struktur bölmələrinin əməkdaşları arasında təşkil olunmuş üçnövçülük yarışının (velosiped yürüşü 10 kilometr, qaçış 3 kilometr, üzgüçülük 500 metr) qaliblərinə DTX-nin rəisi, general-leytenant Mədət Quliyev tərəfindən kubok, medallar və qiymətli hədiyyələr verilib.
Bayram tədbiri DTX-nin əməkdaşları və onların övladlarının iştirakı ilə hazırlanmış geniş və maraqlı konsert proqramı ilə davam edib.