SİYASƏT
28 May – Respublika Günü Livanda da qeyd edilib
Bakı, 27 may, AZƏRTAC
28 May – Respublika Günü münasibətilə Azərbaycanın Livandakı səfirliyi tərəfindən Beyrutun “Coral Beach” otelində qəbul keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, təntənəli mərasimdə Livanın yüksək rütbəli dövlət rəsmiləri, görkəmli siyasi və ictimai xadimləri, Livan Milli Xəbər Agentliyinin baş direktoru Lora Suleyman başda olmaqla, yerli televiziya və KİV təmsilçiləri, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, xüsusilə Türkiyə, Rusiya, Ukrayna və Qazaxıstan səfirliklərinin geniş tərkibdə diplomatik heyəti, fəxri konsullar, Azərbaycan icmasının üzvləri, ölkəmizdə təhsil almış livanlılar, iş adamları və digər qonaqlar iştirak ediblər.
Tədbirdə Livan prezidentini sosial məsələlər nazir Pyer Bu Assi, baş naziri rabitə naziri Camal Əl-Carrah, parlament sədrini deputat Ammar Əl-Huri, xarici işlər və mühacirlər nazirini isə nazirliyin beynəlxalq təşkilatlar, konfranslar və mədəni əlaqələr idarəsinin rəisi Afif Eyyub, Livan Ordusunun baş komandanını general Nahi Cübran təmsil ediblər.
Əvvəlcə Azərbaycanın və Livanın dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən səfir Ağasəlim Şükürov 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra müstəqilliyini bərpa edən Azərbaycanın hazırda beynəlxalq arenada layiqli yer tutduğunu, dünyanın əksər ölkələri ilə bir sıra sahələrdə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Azərbaycanın yüksək dini tolerantlığı ilə seçilən, beynəlxalq konfrans, forum və idman yarışlarına ev sahibliyi edən mütərəqqi bir dövlət olduğunu qeyd edib. A.Şükürov Azərbaycanın Livanda səfirliyinin təsis olunmasının ölkəmizin Livanla bütün sahələrdə əlaqələri inkişaf etdirmək istəyinin parlaq sübutu olduğunu diqqətə çatdırıb, Livan tərəfinin də tezliklə analoji addım ataraq, qardaş ölkələrimiz arasında əlaqələrin daha da gücləndirilməsinə təkan verəcəyinə ümidvar olduğunu vurğulayıb.
Livanın sosial məsələlər naziri Pyer Bu Assi bu günün Azərbaycanın Respublika Günü olması ilə yanaşı, həm də Azərbaycan və Livan xalqlarının dostluq günü olduğunu vurğulayıb. Nazir, həmçinin hər iki xalqın bir çox dəyərləri paylaşdığını, sivilizasiyalar və mədəniyyətlər arasında dialoqa açıq olduğunu vurğulayıb. P.Bu Assi müştərək səylərlə iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən ticari, mədəni və gənclər sahəsində səfər mübadilələrinin intensivləşdiriləcəyini bildirib, Livanı ziyarət edən azərbaycanlı dostların sayının daha da artmasını arzu etdiyini bildirib.
Tədbirdə Azərbaycanın təbii mənzərələrindən, tarixi-mədəni abidələrindən, turizm məkanlarından, musiqisindən, adət-ənənələrindən, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdən, müxtəlif sahələrdə əldə olunmuş nailiyyətlərdən və həyata keçirilən meqalayihələrdən bəhs edən sənədli filmlər nümayiş etdirilib, milli və klassik musiqilərimiz səsləndirilib, qonaqlara ziyafət verilib.
Mərasim Livanın Milli Xəbər Agentliyi, aparıcı Əl-Cumhuriyyə qəzeti və digər yerli KİV tərəfindən geniş şəkildə işıqlandırılıb.