REGİONLAR
Birinci Gəncə Beynəlxalq Musiqi Festivalının xarici qonaqları Nizami yurdu ilə tanış olublar
Gəncə, 28 may, Rauf Hacıyev, AZƏRTAC
Birinci Gəncə Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün şəhərə gələn Rusiya, Belarus və Tacikistandan olan qonaqlar Nizami yurdunun gəzməli-görməli yerləri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, “Gəncə - 2017 MDB Dövlətlərinin Mədəniyyət Paytaxtı" layihəsi çərçivəsində şəhərə gələn nümayəndə heyətinə ziyarət etdikləri Heydər Əliyev Park Kompleksi, Gəncə Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi, Nizami Gəncəvi məqbərəsi və dahi şairin ev muzeyi haqqında ətraflı məlumat verilib.
Bu gün axşam saatlarında isə Heydər Əliyev Park Kompleksindəki amfiteatrda keçiriləcək l Gəncə Beynəlxalq Musiqi Festivalında N.P.Osipov adına Rusiya Xalq Çalğı Alətləri Milli Akademik Orkestrinin gənc solistlər ansamblı, Tacikistan Respublikasının məşhur “Bazmoro” rəqs ansamblı, Belarus Respublikasının əməkdar kollektivi, Belarus Dövlət Filarmoniyasının “Kupalinka” folklor qrupu çıxış edəcək.
Həmçinin Gəncə Dövlət Filarmoniyasının kamera orkestri, “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı, və Bakı şəhərindən gələn tanınmış incəsənət ustaları musiqisevərlərə maraqlı konsert proqramı təqdim edəcəklər.