SİYASƏT
Serbiyanın “Danas” qəzetində 28 May – Respublika Günü ilə bağlı məqalə dərc edilib
Belqrad, 30 may, AZƏRTAC
Serbiyanın gündəlik “Danas” qəzetində Azərbaycanın Serbiyadakı Mədəniyyət Mərkəzinin direktoru, Serbiyanın Novi Sad İncəsənət Akademiyasının professoru Zərifə Əlizadənin “Azərbaycan Respublika Gününü qeyd edir” başlıqlı məqaləsi dərc olunub.
Məqalədə 99 il bundan əvvəl, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda qurulduğu qeyd edilib, Azərbaycan Demokratik Respublikasının xalqımızın dövlətçilik tarixində və yaddaşında dərin iz buraxdığı bildirilib. Bununla yanaşı, 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa edən Azərbaycanın ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilən inkişaf strategiyası sayəsində Cənubi Qafqazın aparıcı ölkəsinə və etibarlı beynəlxalq tərəfdaşa çevrildiyi, regional əhəmiyyətli bir sıra infrastruktur və enerji layihələrinin müəllifi olduğu serb oxucularının diqqətinə çatdırılıb.
Məqalədə Azərbaycan ilə Serbiya arasında strateji əməkdaşlıq münasibətlərinə nəzər salınıb, o cümlədən Azərbaycanın bu ölkədə həyata keçirdiyi bir sıra əhəmiyyətli humanitar, mədəni və iqtisadi layihələrdən də bəhs olunub.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad