ELM VƏ TƏHSİL
ADNSU ilə “AzerGold” QSC arasında əməkdaşlığa dair memorandum imzalanıb
Bakı, 30 may, AZƏRTAC
Mayın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu ali məktəb ilə “AzerGold” QSC arasında əməkdaşlığa dair memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, imzalanma mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin fəaliyyəti barədə ətraflı məlumat verib.
ADNSU ilə sənaye müəssisələri arasında əlaqələrin genişləndirilməsinə xüsusi önəm verildiyini qeyd edən rektor bu istiqamətdə səmərəli iş aparıldığını söyləyib.
“AzerGold” QSC idarə heyətinin sədri Zakir İbrahimov rəhbərlik etdiyi müəssisənin uğurlarından danışıb, ADNSU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Qeyd olunub ki, memoranduma əsasən ADNSU-da “AzerGold” QSC-nin ehtiyaclarına uyğun ixtisaslaşmış kadr potensialının hazırlanması, universitet məzunlarının müəyyən hissəsinin “AzerGold”da işlə təmin olunması nəzərdə tutulur.
Sonra ADNSU ilə “AzerGold” QSC arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Əməkdaşlığın məqsədi təhsilə və elmi-texniki inkişafa dəstək vermək, universitet müəllim və tələbələrinə “AzerGold”un istehsalat bazasından istifadə etmələrinə, kəşfiyyat sahələrində tədqiqat aparmalarına şərait yaratmaqdır.
Qeyd edək ki, “AzerGold” QSC qeyri-neft sektorunun inkişafına dəyərli töhfələr verir. Müəssisə əsasən qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, hasilatı, emalı, satışı, bu sahədə yeni texnologiyaların tətbiqi və s. ilə məşğul olur.