MƏDƏNİYYƏT
İstiqlal şairi Almas İldırımın anadan olmasının 110 illiyi qeyd olunacaq
Bakı, 30 may, AZƏRTAC
Mayın 31-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi, istiqlal şairi Almas İldırımın anadan olmasının 110 illiyi qeyd olunacaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasına töhfələrindən danışılacaq, şeirləri səsləndiriləcək. Tədbir çərçivəsində qonaqlara konsert proqramı təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycan mühacirət poeziyasının görkəmli simalarından biri, adı və əsərləri qəm, həsrət və ayrılıq simvolu kimi mənalanan Almas İldırım özünəməхsus, poetik tərzi ilə hər zaman diqqəti çəkib. 6 il sürgün və qaçaq həyatı yaşayan A.İldırım Dağıstandan, Türkmənistandan, İrandan keçərək Türkiyədə məskunlaşıb və ömrünün sonuna qədər burada yaşayıb, yaradıb. Şairin bir çox şeirləri, o cümlədən vətən həsrəti, yurd sevgisindən bəhs edən “Əsir Azərbaycanım” şeiri dillər əzbərinə çevrilib.