CƏMİYYƏT


Yol polisi avtobuslarla səyahət təşkil edən hüquqi və fiziki şəxslərə müraciət ünvanlayıb

Bakı, 19 iyun, AZƏRTAC

Baş Dövlət Yol Polisi İdarəsi yay mövsümü ilə əlaqədar ölkə ərazisində avtobuslarla regionlara səyahət təşkil edən hüquqi və fiziki şəxslərə müraciət edib.

İdarədən AZƏRTAC-a bildiriblər ki, yay mövsümü ilə əlaqədar istirahət və tətil günlərində məktəblilər, təhsil və əmək müəssisələrində çalışan əməkdaşlar və onların övladları üçün avtobuslarla ölkənin ayrı-ayrı regionlarına səyahətlər təşkil olunur. Belə səfərlər zamanı adətən müxtəlif turizm şirkətlərinə, bəzi hallarda isə qeyri-müntəzəm şəkildə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus avtobus və mikroavtobuslardan istifadə olunur. Təəssüf ki, qeyri-müntəzəm şəkildə təşkil edilmiş daşımalar zamanı bəzən nəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin reysqabağı tibbi müayinəsinə, onların iş rejiminə riayət edilməsinə ciddi nəzarət olunmur, nəqliyyat vasitəsinin texniki xarakteristikasının keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına, gedəcəyi ərazidəki meteoroloji şəraitə, sürücünün idarəetmə təcrübəsinə diqqət yetirilmir. Bu da yollarda, xüsusilə də yol çiyinlərində dərin yarğanları olan dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını artırır.

Baş verə biləcək ağır qəzaların qarşısının alınması və təhlükəsizliyin təmin olunması məqsədilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərdən xahiş olunur ki, turistləri daşıyacaq nəqliyyat vasitələrinin gedəcəkləri istiqamətdə ödənişsiz müşayiət olunmaları üçün səyahət təşkil edən müəssisə və təşkilat rəhbərləri səfərdən 3 gün əvvəl ərazi üzrə DYP bölümlərinə, Baş Dövlət Yol Polisi İdarəsinin (+99412) 590-81-25 nömrəli telefonuna, yaxud 902 “qaynar xətt”inə müraciət etsinlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.